RU

Hikmət Babaoğlu: Rusiyanın Ermənistandakı səfirinin Zori Balayanın vida mərasimində iştirak etməsi diplomatik etikaya yaraşmır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Zori Balayan, Azərbaycan xalqına qarşı soyqırımı aktlarının və “miatsum”un əsas ideoloqlarından biri olaraq ömrünün sonunda Qarabağın Azərbaycan tərəfinə qaytarıldığını görüb. Onun vida mərasiminə erməni revanşistləri ilə yanaşı, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin də qatılması Moskvanın hələ də separatçı qüvvələrə dəstək verdiyini göstərir. Rusiya, oktyabr 2022-də Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənədə imza atsa da, hələ də Paşinyana qarşı narazılığını gizlətmir və Qarabağ məsələsini manipulyasiya vasitəsi kimi saxlayır. Kopırkinin davranışı isə Rusiyanın Güney Qafqazda imperiya ambissiyalarını davam etdirdiyinin bariz nümunəsidir.Zori Balayanın vida mərasiminə Sergey Kopırkinin qatılması Azərbaycan–Rusiya–Ermənistan münasibətlərinə necə təsir göstərə bilər və Moskvanın Güney Qafqazdakı siyasətini necə əks etdirir?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zori Balayan erməni separatizminin ideoloqlarından biri, “miatsum” hərəkatının ilham vericilərindən biri idi: “Zori Balayan Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktlarının təşkilatçılarından biri və birbaşa iştirakçısı olmuş cinayətkar idi. Onun ölümündən sonra belə təmtəraqlı tədbirlərin keçirilməsi sülhə və insanlığa qarşı mövqedir. Belə bir tədbirdə Rusiyanın Ermənistandakı səfirinin iştirak etməsi nə diplomatik etikaya, nə humanitar hüquqa, nə də insani dəyərlərə sığan addımdır. Çünki əslində bir cinayətkara ehtiram göstərmək onun törətdiyi cinayətlərə şərik olmaq deməkdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, cinayətkara ehtiram göstərilməsi digərlərini də cinayət törətməyə motivasiya edə bilər. Bu mənada Rusiya kimi böyük bir ölkənin səfirinin həmin tədbirdə iştirak etməsi yeni “Balayanların” yaranması üçün də ilham mənbəyinə çevrilə bilər. Bütün bunlar onu göstərir ki, Rusiyada bəzi imperialist düşüncəyə sahib siyasi-hərbi dairələr hələ də Azərbaycanın ərazi bütövlüyünü və yaranmış yeni reallıqları tam qəbul etmirlər. Onlar ilk fürsətdə yenidən Ermənistanda etnik separatçılıq meyillərini gücləndirərək, bunu Azərbaycana qarşı yönəltməyə çalışa bilərlər”.

Deputat hesab edir ki, bu, həm imperialist düşüncə tərzinin ifadəsidir, həm də Cənubi Qafqazda yenidən söz sahibi olmaq üçün etnik münaqişələrə zəmin yaratmaq cəhdidir: “Bunun məqbul bir izahı olmalıdır. Nəyə görə Rusiyanın səfiri bir cinayətkarın dəfn mərasimində iştirak edir və nəyə görə Qarabağ separatçılarının simvollarından biri olan bu şəxsə ehtiram göstərir? Belə hallar yolverilməzdir. Amma nə olursa olsun, Azərbaycan dövləti və xalqı ona qarşı törədilmiş bütün cinayətlərin qisasını alıb. Bundan sonra güclü dövlətimiz belə cinayətlərin bir daha Azərbaycan xalqına qarşı törədilməsinə imkan verməyəcək”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
296
bizimyol.info

1Источники