ain.az bildirir, Demokrat.az portalına istinadən.
Mətbəxlərdə geniş yayılan silikon qabların və qaşıqların isti yeməklərlə təması bir çox insanı düşündürür. Yüksək temperaturda bu materialların tərkibinin dəyişməsi və zərərli maddələrin qidaya keçmə ehtimalı ciddi narahatlıq yaradır. Xüsusilə valideynlər uşaq qidasında bu vasitələrdən istifadənin nə dərəcədə doğru olduğunu anlamağa çalışırlar. Keyfiyyətli məhsul seçimi və düzgün istifadə qaydaları sağlamlıq risklərini minimuma endirən əsas detallardır.Qida məsələləri üzrə ekspert Ağa Salamov Demokrat.az saytına verdiyi açıqlamada bu məqamlara aydınlıq gətirib.
Ekspert bildirib ki, qida sənayesi üçün istehsal edilən silikon məhsullar tamamilə təhlükəsizdir və gündəlik istifadədə heç bir problem yaratmır.“Lakin burada əsas məsələ onların hansı şəraitdə istifadə olunmasıdır. Qida üçün nəzərdə tutulmuş silikon materiallar müəyyən temperatur həddinə qədər dayanıqlıdır. Adətən 180-200°C-yə qədər istifadə edildikdə problem yaratmır. Ancaq temperatur 200°C-ni keçdikdə, xüsusilə 230-250°C kimi yüksək dərəcələrdə bu materiallarda parçalanma prosesi başlaya bilər. Bu zaman tərkibində olan bəzi kimyəvi maddələrin qidaya keçmə ehtimalı yaranır ki, bu da sağlamlıq üçün zərərli hesab olunur. Bu səbəbdən, silikon və ya digər plastik əsaslı qab-qacaqlardan istifadə edərkən onları yüksək temperaturdan uzaq tutmaq vacibdir”. O bildirib ki, hətta məhsul keyfiyyətli və qida üçün nəzərdə tutulmuş olsa belə, düzgün istifadə edilmədikdə risk yarada bilər:“Qida təhlükəsizliyi baxımından ümumiyyətlə çirklənmənin üç növü mövcuddur: mikrobioloji, fiziki və kimyəvi çirklənmə. Bu kontekstdə söhbət kimyəvi çirklənmədən gedir. Keyfiyyətsiz və ya düzgün istifadə olunmayan qab-qacaq qidaya zərərli maddələr ötürərək qida zəhərlənməsinə səbəb ola bilər. Bu isə qida təhlükəsizliyi baxımından yolverilməzdir. Buna görə həm ictimai iaşə obyektlərində, həm də ev şəraitində istifadəçilər diqqətli olmalıdırlar. Qab-qacaq alarkən onun sertifikatlı olub-olmamasına, qida ilə təmas üçün uyğunluğuna diqqət yetirilməlidir. Bu məhsullardan düzgün istifadə etmək də vacibdir. Qida üçün nəzərdə tutulmuş olsa belə, silikon qabların 200°C-dən yüksək temperaturda istifadəsi tövsiyə olunmur. Əks halda, həm qidanın dadı və qoxusu dəyişə bilər, həm də tərkibinə zərərli kimyəvi maddələr keçə bilər ki, bu da insan sağlamlığı üçün risk yaradır”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.