Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hörmüz boğazında geosiyasi gərginliyin artması neft ixrac edən ölkələrin valyuta gəlirlərinə birbaşa təsir göstərir – ŞƏRH
Bakı, 9 aprel, AZƏRTAC
Hörmüz boğazında geosiyasi gərginliyin artması dolların məzənnəsinə və neft ixrac edən ölkələrin valyuta gəlirlərinə birbaşa təsir göstərir.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, müharibə və gərginlik dövründə dolların məzənnəsi möhkəmlənir. Belə ki, münaqişə başlamazdan əvvəl 1 avro təxminən 1,19 dollar olduğu halda, gərginlik dövründə dollar digər valyutalara qarşı təxminən 2–3 faiz bahalaşıb. Dollar indeksində də artım müşahidə olunub. Ekspert qeyd edib ki, bunun əsas səbəbi risklərin artmasıdır.
“ABŞ özü müharibə proseslərinə birbaşa və ya dolayı şəkildə cəlb olunsa da, iqtisadiyyatı daha dayanıqlı hesab edildiyi üçün dollar “təhlükəsiz valyuta” kimi daha da güclənir. Neft ixrac edən ölkələrə gəldikdə isə, vəziyyət ikili xarakter daşıyır. Hörmüz boğazı ilə ixrac həyata keçirən ölkələr – BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı və Oman kimi dövlətlər üçün ixracda çətinliklər yaranır. Neft qiymətləri artsa da, logistik məhdudiyyətlər səbəbindən ixrac həcmləri azalır və bu, sənayeyə mənfi təsir göstərir. Digər tərəfdən, Hörmüz boğazından asılı olmayan ölkələr – Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya, ABŞ, Kanada və Norveç kimi dövlətlər isə bu vəziyyətdən daha çox faydalanır. Neft qiymətlərinin artması onların valyuta gəlirlərinin yüksəlməsinə səbəb olur”, - deyə Xalid Kərimli vurğulayıb.
Ekspertin sözlərinə görə, münaqişədən əvvəl 60 dollar civarında olan neftin qiyməti təxminən 40–45 dollar artaraq yüksəlib: “Nəticədə bir ay ərzində ixrac edilən neftdən əldə olunan gəlirlər ölkələrin ixrac həcminə uyğun olaraq artıb və ümumilikdə valyuta gəlirlərində orta hesabla 60 faizədək yüksəliş müşahidə olunub”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.