RU

Azərbaycanın enerji strategiyası: qlobal enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş MƏQALƏ

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə qlobal enerji bazarında mühüm mövqe qazanmışdır. Bu gün ölkə yalnız enerji ixrac edən dövlət deyil, eyni zamanda bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynayan etibarlı tərəfdaş kimi tanınır. Bu uğurlar isə uzunmüddətli və uzaqgörən enerji siyasətinin nəticəsidir.

Azərbaycanın müasir enerji strategiyasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun təşəbbüsü ilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin enerji tarixində dönüş nöqtəsi olmuşdur. Bu müqavilə Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etmiş, xarici investisiyaların cəlb olunmasına və neft-qaz sektorunun sürətli inkişafına geniş imkanlar yaratmışdır. Məhz bu strateji addım gələcək enerji layihələrinin reallaşdırılması üçün möhkəm zəmin formalaşdırmışdır.

Sonrakı mərhələdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və daha da genişləndirilmişdir. Onun rəhbərliyi ilə Azərbaycanın enerji strategiyası yeni mərhələyə qədəm qoymuş, iri beynəlxalq layihələr həyata keçirilmişdir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və Cənub Qaz Dəhlizi kimi mühüm infrastruktur layihələri ölkənin enerji imkanlarını dünya bazarına çıxarmağa şərait yaratmışdır.

Azərbaycanın enerji siyasətində əsas prioritetlərdən biri ixrac marşrutlarının şaxələndirilməsi olmuşdur. Bu yanaşma sayəsində ölkə enerji resurslarını müxtəlif istiqamətlər üzrə təhlükəsiz şəkildə nəql edir. Xüsusilə Gürcüstan və Türkiyə ilə həyata keçirilən əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu ölkələr vasitəsilə Azərbaycan enerji resursları Avropa bazarlarına çatdırılır.

Bununla yanaşı, Azərbaycanın enerji strategiyası Avropa ilə əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verir. Azərbaycan qazı bu gün bir sıra Avropa ölkələrinin enerji balansında mühüm yer tutur. Bu isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanın həyata keçirdiyi enerji layihələri yalnız iqtisadi deyil, həm də siyasi və geostrateji əhəmiyyət daşıyır. Bu layihələr regionda sabitliyin möhkəmlənməsinə, ölkələr arasında qarşılıqlı etimadın artmasına və uzunmüddətli əməkdaşlığın inkişafına xidmət edir.

Azərbaycanın enerji strategiyası Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi əsaslar üzərində qurularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiya ölkəni qlobal enerji təhlükəsizliyinin vacib iştirakçılarından birinə çevirmiş və Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Gələcəkdə də bu siyasətin davam etdirilməsi yeni enerji layihələrinin həyata keçirilməsinə və beynəlxalq əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaqdır.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
sesqazeti.az

1Источники