RU

Normanı aşan yağıntılar...

Yağıntının “norması” necə təyin edilir?

Son günlər yağan intensiv yağışlar bir daha göstərdi ki, təbiətin gücü qarşısında olduqca həssasıq. Qısa müddətdə yağan leysanlar küçələri sanki çaylara çevirmişdi, bəzi ərazilərdə nəqliyyat iflic oldu, evlərə və obyektlərə ciddi ziyan dəydi.

Normanı aşan yağıntılar bir çox problemlərə səbəb ola bilər: Məsələn sel və daşqınlar, torpaq sürüşmələri, şəhər infrastrukturunda problemlər, kənd təsərrüfatına ziyan və.s Son günlər müşahidə etdiyimiz fəsadlar da məhz normadan artıq və qısa müddətdə düşən intensiv yağıntının nəticəsidir.

Bütün bunlar bir daha göstərdi ki, təbiətin ritmini anlamaq və ölçmək nə qədər vacibdir. Bəs tez-tez eşitdiyimiz “yağıntı norması” nədir və bu necə müəyyən olunur?

Yağıntı norması müəyyən bir ərazi üçün uzun illər ərzində (adətən 30 il) müşahidə olunan orta yağıntı miqdarıdır. Bu göstərici sayəsində meteoroloqlar konkret bir gün, ay və ya mövsümdə düşən yağışın “adi”, yoxsa “normadan artıq” olduğunu müəyyən edə bilirlər.

Yağıntı normasının ölçülməsi

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, yağıntı norması təsadüfi şəkildə yox, ciddi elmi metodlarla hesablanır: “Müəyyən ərazidə uzun illər ərzində gündəlik yağış ölçülür. Bu ölçmələr xüsusi cihaz - pluviometr (yağışölçən) vasitəsilə aparılır. Toplanan məlumatlar isə aylıq və illik ortalamalara çevrilir. Nəticədə həmin ərazi üçün “iqlim norması” formalaşır. Məsələn, əgər bir şəhərdə aprel ayı üçün orta yağıntı 30 mm-dirsə, amma bu il 70 mm düşübsə, deməli yağıntı normadan xeyli artıq olub”.

Müəyyən proqnozlar verilsə belə...

Ekoloq deyib ki, bəzən aylıq deyil, hətta illik yağıntı normasının böyük bir hissəsi çox qısa müddət ərzində düşür, ilin qalan dövründə isə kəskin quraqlıq yaşanır: “Bu isə həm idarəetmə baxımından ciddi problemlər yaradır, həm də kənd təsərrüfatında su çatışmazlığına, nəticə etibarilə isə ərzaq qıtlığına səbəb ola bilər. Bu cür hadisələri dəqiq proqnozlaşdırmaq çox çətindir, hətta müəyyən proqnozlar verilsə belə, belə ekstremal hallara tam hazır olmaq da asan deyil. Bakı şəhərində yağış sularının idarə olunması sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var”.

Yeganə BAYRAMOVA

Избранный
25
1
yeniazerbaycan.com

2Источники