RU

Tehranın İslamabaddakı səfiri: İran nümayəndə heyəti danışıqlar üçün bu gecə Pakistana gələcək

Bakı, 9 aprel, AZƏRTAC

İran nümayəndə heyəti danışıqlar üçün Pakistana səfər edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Muqadam bildirib.

Çərşənbə axşamı elan edilən ikihəftəlik atəşkəsdən sonra İslamabad ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlara ev sahibliyi edəcək. İranın İslamabaddakı səfiri cümə axşamı bildirib ki, İsrailin yeni atəşkəs rejimini dəfələrlə pozmasına şübhə ilə yanaşsa da, yüksəksəviyyəli İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada gələcək.

İran səfiri “X” sosial media platformasında bildirib: “Baş nazir Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti İranın təklif etdiyi 10 bənd əsasında ciddi danışıqlar aparmaq üçün bu gecə İslamabada gələcək”.

Danışıqlarda Vaşinqtonu ABŞ vitse-prezident Cey. Di. Vens, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək.

Media bildirir ki, danışıqların formatı hələlik məlum deyil. Pakistan yüksəksəviyyəli görüşdən əvvəl paytaxtda gücləndirilmiş təhlükəsizlik tədbirləri görür, diplomatik anklava aparan əsas yolların, eləcə də Baş nazirin ofisinin, Prezident iqamətgahı və Xarici İşlər Nazirliyi də daxil olmaqla əsas hökumət qurumlarının qarşısında mühafizə tədbirləri gücləndirilir.

Rəsmi açıqlamalara görə, İslamabadda danışıqların cümə günü keçirilməsi planlaşdırılır. Bu ərəfədə Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ABŞ-nin İslamabaddakı səfiri Natali Beyker ilə görüşüb. Tərəflər Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə ediblər və atəşkəsi alqışlayıblar, həmçinin amerikalı səfir Pakistanın güclü diplomatik rolunu yüksək qiymətləndirib.

Görüşdə İslamabadda keçiriləcək yüksəksəviyyəli danışıqlara hazırlıqlar da nəzərdən keçirilib. Nəqvi bildirib ki, Vens, Uitkoff və Kuşner onların xüsusi qonaqları olacaq, həmçinin bütün xarici nümayəndələr üçün hərtərəfli təhlükəsizlik planı hazırlanıb.

Bununla yanaşı, Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanından olan həmkarı Feysəl bin Fərhan ilə regiondakı son vəziyyəti müzakirə edib. Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Tərəflər Livanda atəşkəsin pozulması ilə bağlı dərin narahatlıq ifadə edib, davamlı sülh və sabitliyin təmin edilməsi üçün atəşkəsə tam hörmət edilməsinə təcili ehtiyac olduğunu vurğulayıblar”.

Избранный
16
5
azertag.az

8Источники