RU

“Çoxuşaqlı ailələrə diqqət real vəziyyətə uyğun olmalıdır”

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Azərbaycanda çoxuşaqlı ailələr kifayət qədərdir və bu ailələr cəmiyyətin ən həssas təbəqələrindən birini təşkil edir. Bu reallıq fonunda əsas məsələ say deyil, həmin ailələrin həyat şəraitinin nə dərəcədə diqqətdə saxlanılmasıdır”.

Gununsesi.info bildirir ki, bu fikirləri deputat Razi Nurullayev deyib:

“Sumqayıtda 9 uşaqlı ailədə baş verən və 6 uşağın dəm qazından zəhərlənməsi, birinin isə dünyasını dəyişməsi ciddi bir boşluğu üzə çıxardı. Ailənin ağır vəziyyətdə yaşaması, valideynlərin adekvat olmaması, uşaqların məktəbdən kənarda qalması onu göstərir ki, problem tək bir hadisə deyil, vaxtında görünməyən və ya görünsə də izlənməyən bir vəziyyətdir.

Bu cür ailələr sistem daxilində əvvəlcədən görünən və izlənən kateqoriya olmalıdır. Sosial xidmətlər yalnız müraciət əsasında deyil, real ehtiyacın olduğu yerlərdə özləri aktiv şəkildə ortaya çıxmalıdır. Ailənin yaşayış şəraiti, uşaqların təhsili, sağlamlığı və təhlükəsizlik vəziyyəti kağız üzərində yox, yerində qiymətləndirilməlidir”.

Deputat vurğulayıb ki, burada əsas məsələ tək bir qurumun fəaliyyəti deyil:

“Sosial müdafiə, təhsil, səhiyyə və yerli icra strukturları arasında real əlaqə və məlumat mübadiləsi qurulmadıqda belə hallar gec görünür. Məktəbə getməyən uşaq, ağır şəraitdə yaşayan ailə, təhlükəli ev mühiti – bunların hər biri ayrı-ayrılıqda siqnaldır və bu siqnallar bir sistemdə birləşməlidir.

Ən vacib məqam isə reaksiyanın vaxtıdır. Belə hadisələr baş verəndə dövlət orqanı dərhal reaksiya verir və köməklik göstərir – bu, normal yanaşma olmalıdır. Təəssüf ki, bizdə çox vaxt reaksiya yalnız xahişdən, müraciətdən, diqqət çəkiləndən sonra ortaya çıxır. Dövlətin nəzərdə tutduğu sosial yardım və xidmətlərə çıxış üçün vətəndaşın qapı-qapı gəzməsi doğru deyil. İnsan ehtiyac içindədirsə, sistem onu özü tapmalı və dəstək yanında olmalıdır.

Bu gün bir çox halda insan çətin vəziyyətə düşəndə ilk olaraq sistemə yox, taleyə və yaxşı insanların köməyinə güvənir. Halbuki vətəndaş bilməlidir ki, tək deyil və onun arxasında işləyən, onu görən bir dövlət mexanizmi var.

Çoxuşaqlı ailələrə yanaşma məhz bu məntiq üzərində qurulsa, həm sosial ədalət güclənər, həm də belə acı hadisələrin qarşısı vaxtında alınar. Burada əsas olan sənəd üzərində mövcudluq deyil, real həyatda hiss olunan diqqət və qayğıdır”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
icma.az

2Источники