RU

Atəşkəsin uzunmüddətli və stabil sülh mexanizminə çevrilməsi ehtimalı zəifdir

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ və İran arasında mümkün atəşkəs razılaşmasının davamlı olub-olmayacağı məsələsi ilk növbədə bu münasibətlərin struktur xarakteri ilə bağlıdır və bu struktur uzun illərdir ki, qarşılıqlı etimadsızlıq, geosiyasi rəqabət və dolayı qarşıdurma üzərində qurulub. Bu baxımdan belə bir razılaşmanın uzunmüddətli və sabit qalacağını düşünmək üçün kifayət qədər ciddi əsaslar yoxdur, lakin eyni zamanda onun dərhal pozulacağını iddia etmək də düzgün olmazdı. Əsas problem tərəflərin strateji məqsədlərinin fundamental şəkildə ziddiyyət təşkil etməsidir. ABŞ regionda öz təsirini qorumağa və genişləndirməyə, İranın nüvə proqramını məhdudlaşdırmağa və onun regional təsir şəbəkəsini zəiflətməyə çalışır. İran isə əksinə, öz təhlükəsizlik konsepsiyasını məhz bu təsir şəbəkəsi üzərində qurur, nüvə proqramını pzünün suveren hüququ hesab edir və ABŞ-ın hərbi-siyasi mövcudluğunu birbaşa təhdid kimi görür. Bu qədər dərin strateji ziddiyyətlər fonunda atəşkəs yalnız taktiki fasilə rolunu oynaya bilər, yəni tərəflər müəyyən dövrdə eskalasiyadan geri çəkilə bilər, lakin əsas qarşıdurma səbəbləri aradan qalxmır.Digər vacib amil bu münasibətlərin birbaşa deyil, çox vaxt dolayı xarakter daşımasıdır. Yəni tərəflər bir-biri ilə açıq müharibədən çox, regiondakı müttəfiqlər və proksi qüvvələr vasitəsilə rəqabət aparırlar. ABŞ-nin əsas müttəfiqi olan İsrailin hələ də Livan istiqamətində müharibəni davam etdirməsi, İrana bağlı Hizbullahın da bunun fonunda İsrailə zərbələr endirməsi atəşkəsin davamlılığını daha da zəiflədir. Başqa sözlə desək Abş və İran formal olaraq atəşkəsə sadiq qaldıqlarını desələr belə, sahədə gərginlik davam edir ki, bu da razılaşmanın “de-fakto” aşınmasına gətirib çıxarar.Daxili siyasi faktorlar da mühüm rol oynayır. Həm ABŞ-da, həm də İranda xarici siyasət qərarları yalnız beynəlxalq reallıqlarla deyil, daxili siyasi dinamika ilə formalaşır. Əgər tərəflərdən hər hansı birində daxili siyasi təzyiq artarsa, atəşkəs “zəiflik” kimi təqdim oluna və daha sərt kursa keçid baş verə bilər.Bununla yanaşı, atəşkəsin davamlı olmasını təşviq edən faktorlar da mövcuddur. Birincisi, genişmiqyaslı müharibənin hər iki tərəf üçün son dərəcə baha başa gələcəyi aydındır. İqtisadi, hərbi və siyasi xərclər o qədər yüksəkdir ki, tərəflər çox zaman eskalasiyanı müəyyən həddə qədər idarə etməyə çalışırlar. İkincisi, beynəlxalq aktorların, xüsusilə də Avropa və bəzi regional güclərin gərginliyin azalmasında maraqlı olması bu tip razılaşmaların qorunmasına müəyyən dəstək verir. Üçüncüsü, enerji bazarları və qlobal iqtisadi sabitlik kimi faktorlar da tərəfləri daha ehtiyatlı davranmağa sövq edə bilər.Odur ki, belə bir atəşkəsin qısa müddətdə davam etməsi mümkündür, lakin onun uzunmüddətli və stabil sülh mexanizminə çevrilməsi ehtimalı zəifdir.Yusif Bağırzadə, politoloq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
newscenter.az

2Источники