RU

Qadın beyni üçün faydalı olan ət növü müəyyən edilib

ABŞ-ın Texas A&M Universitynin Qidalanma Məktəbinin tədqiqatçıları bildirirlər ki, dana ətinin müntəzəm istehlakı gənc qadınlarda diqqət, yaddaş və vizual informasiya emalı sürətini yaxşılaşdıra bilər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Frontiers in Nutrition jurnalında dərc olunub.

Araşdırma müəllifləri qeyd edirlər ki, dəmir çatışmazlığı reproduktiv yaşda olan qadınlar arasında geniş yayılmış problemlərdən biri olaraq qalır. Bu element oksigenin daşınmasında, neyrotransmitterlərin sintezində və sinir sisteminin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Onun çatışmazlığı isə idrak funksiyalarına mənfi təsir göstərə bilər.

Tədqiqatçılar bildirirlər ki, dana əti asan mənimsənilən dəmir forması ilə zəngin olduğu üçün ən effektiv dəmir mənbələrindən biri hesab olunur. Bundan əlavə, onun tərkibində yaddaş və konsentrasiya ilə əlaqəli olan B12 vitamini, sink, xolin və kreatin də mövcuddur.

30 gün davam edən pilot araşdırmada sağlam gənc qadınlardan ibarət bir qrup hər gün 85 qramlıq dana kotleti qəbul edib. Nəzarət qrupuna isə oxşar makronutrient tərkibinə malik soya əsaslı tərəvəz kotletləri verilib.

İştirakçıların idrak funksiyaları Neurotracker testi vasitəsilə qiymətləndirilib. Bu test insanın üçölçülü məkanda bir neçə hərəkətli obyekti eyni anda izləmək qabiliyyətini ölçür. Nəticələr göstərib ki, dana əti qəbul edən iştirakçılarda nəzarət qrupu ilə müqayisədə vizual-məkan qavrayışı və informasiya emalı sürəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Qanında dəmir səviyyəsində ciddi dəyişiklik qeydə alınmayan iştirakçılarda belə idrak göstəricilərinin yaxşılaşması müşahidə olunub. Bu isə müsbət təsirin təkcə dəmirlə deyil, dana ətində olan digər qida maddələri ilə də bağlı ola biləcəyini göstərir.

Tədqiqat müəllifləri əlavə ediblər ki, ən ciddi irəliləyişlər ilkin mərhələdə dəmir səviyyəsi aşağı olan qadınlarda qeydə alınıb. Bununla belə, nəticələrin təsdiqlənməsi üçün daha uzunmüddətli və genişmiqyaslı araşdırmalara ehtiyac var.

//Gülnarə Abasova, Editor.az

Избранный
50
editor.az

1Источники