İranın neft satışında ABŞ dollarından imtina etməsi və sanksiya altındakı digər ölkələrin alternativ valyuta və ödəniş mexanizmlərinə yönəlməsi qlobal maliyyə sistemində yeni tendensiyaların formalaşdığını göstərir. Son illərdə xüsusilə Çin yuanı və regional valyutalar üzərindən aparılan ticarətin artması fonunda, dolların beynəlxalq sistemdəki rolu yenidən müzakirə predmetinə çevrilib. Bəs bütün bu dəyişikliklər fonunda ABŞ dollarının beynəlxalq ehtiyat valyutası kimi mövqeyi real təhlükə altındadırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dolların qlobal üstünlüyü təkcə neft ticarətinin bu valyuta ilə aparılması ilə izah olunmur.

“1970-ci illərdə neftin dollarla satılması ABŞ valyutasının güclənməsində mühüm rol oynasa da, hazırda bu faktor həlledici deyil.
ABŞ dollarının əsas üstünlüyü ölkə iqtisadiyyatının gücü və maliyyə bazarlarının yüksək inkişaf səviyyəsi ilə bağlıdır. Amerikanın maliyyə bazarları son dərəcə inkişaf edib və bunun real alternativi yoxdur. ABŞ dövlət istiqrazları dünya üzrə ən etibarlı investisiya alətlərindən biri hesab olunur və beynəlxalq şirkətlər bu alətlərə rahatlıqla yatırım edirlər”, – deyə o, vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq bank sistemi də uzun illərdir dollar üzərindən qurulub və həm ödənişlərdə, həm də yığımlarda bu valyutanın üstün mövqeyi formalaşıb.
“Bu səbəbdən neft ticarətində dolların payının azalması qlobal sistemə dərhal və ciddi təsir göstərməyəcək.
İranın dollardan imtinası daha çox sanksiyalarla bağlı məcburi addımdır. İran dollardan istifadə edə bilmir, buna görə alternativlərə yönəlir. Amma bu, qlobal miqyasda dolların mövqeyində sarsıdacaq gücdə deyil”, – deyə o, əlavə edib.
Xalid Kərimli vurğulayıb ki, dünya neft bazarında əsas oyunçular – Azərbaycan, Norveç, Kanada və Körfəz ölkələri hələ də nefti əsasən dollarla satırlar.
Körfəz regionunun qlobal neft ticarətində payının 25-30 faiz olduğunu xatırladan iqtisadçı bildirib ki, bu ölkələrin tam şəkildə alternativ valyutalara keçidi real görünmür.
O, həmçinin Çin yuanının istifadəsinin genişləndiyini etiraf etsə də, bu valyutanın etimad və bazar dərinliyi baxımından hələlik dolları əvəz edə bilmədiyini vurğulayıb.
“Yuanın qlobal valyutaya çevrilməsi üçün Çində kapital bazarları daha da inkişaf etməlidir. Bəzi ölkələr ABŞ və Avropanın maliyyə sanksiyalarından yayınmaq üçün ikitərəfli ticarətdə milli valyutalara üstünlük verməyə çalışır. Lakin bu tendensiya qısa və orta müddətli perspektivdə dolların qlobal hegemoniyasını sarsıtmaq üçün kifayət deyil”. – deyə ekspert bildirib.
Beləliklə, mövcud geosiyasi və iqtisadi proseslər fonunda alternativ valyutalara maraq artsa da, ekspertin fikrincə, yaxın perspektivdə ABŞ dollarının beynəlxalq ehtiyat valyutası kimi dominant mövqeyi üçün ciddi təhlükə görünmür.
Aynurə İsmayıl
KONKRET.az