ain.az, 525.az portalına istinadən məlumat verir.
Qırx yaş
Gəlib çatmışam qırx yaşa
Qırx il döyüşə-döyüşə.
Alnımdakı yazıları
Pozub dəyişə-dəyişə.
Xətalardan sovuşmadım
Çox arzuya qovuşmadım
Xoşbəxtliyə uyuşmadım
Sözə uyuşa-uyuşa.
Bir az nardım, bir az güldüm
Gedib səmalarda güldüm
Şükür, sözə qalib gəldim
Sözlə deyişə-deyişə.
Sonrakı peşmançılıq
Həyatımızda
etdiyimiz yaxşılıqlara görə
daha çox peşmançılıq hissi keçirmişik,
nəinki səhvlərə görə.
Nankorlardan ötrü
özümüzü uçurmuşuq, nəinki saflara görə.
İnsan belədir,
öz gözündə tiri görməz.
Görsə də,
sonrakı peşmançılıq
fayda verməz.
Sevdim
Mənə çox zülm elədin
Səni zülm-zülm sevdim.
Eşqə ölüm dilədim,
Səni ölüm-ölüm sevdim.
Sevdim, qəmə bələdin
Məni çox itələdin
Doğram-doğram elədin
Səni dilim-dilim sevdim.
Sonluğu tez gətirdin
Yarı yoldan ötürdün
İlim-ilim itirdin
Səni ilim-ilim sevdim
Ölmək bayılmaq deyil
Hər yuxuya getdikdə
Ölümü məşq edirik.
Yatmaq adıyla hər gün
Özümüzdən gedirik.
Bizi yuxu aparır
Tanış edir ölümlə.
Ancaq hardan biləsən
İşi nədir ölümlə.
Yatıb ayılmaq olar
Ölmək bayılmaq deyil.
Yuxuya getmək hələ,
“Öldü” – sayılmaq deyil.
Qara qoçun köməyi
Qa dedin suyunu verdim,
Qu deyəndə yeməyini.
Sən isə gedib seçmisən,
Qara qoçun köməyini.
Yüz gün yaraq, bir gün gərək,
İstəyirsən, mərcə girək,
Qalib olur sonda zirək,
Puç eyləmə əməyini.
Necə qoyulur təməli,
O cürdür insan əməli.
Bu ürəyimin amalı,
Eşitməkdir deməyini.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.