RU

Logistika sektoru alternativ marşrutları daimi strategiyaya çevirir

Logistika sektoru alternativ marşrutları daimi strategiyaya çevirir

ABŞ və İran arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs dünya neft ticarətinin təxminən üçdə birinin keçdiyi strateji Hörmüz boğazında sıxışıb qalan yüzlərlə gəminin hərəkət etməsinə imkan yaratsa da, logistika sektorunda alternativ marşrut axtarışları davam edir.

AFN.az-ın Anadolu Ajansına istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın atəşkəs çərçivəsində İranın nüvə silahına sahib ola bilməyəcəyi və boğazın açıq qalmalı olduğu, əks halda hücumların davam edəcəyi ilə bağlı xəbərdarlığı vəziyyəti daha da həssaslaşdırıb. Xüsusilə İsrailin Livana hücumlarından sonra regionda gərginliyin yenidən artması Hörmüz boğazı üzərindəki riskləri artırıb və bu strateji nöqtənin nəzarət edilən koridora çevrilməsi logistika şirkətlərini daha təhlükəsiz yollar axtarmağa sövq edib.

ING Group-un iqtisadçısı Riko Luman bildirib ki, atəşkəs xəbəri enerji bazarlarındakı təzyiqi bir qədər azaltsa da, tam normallaşma üçün hələ uzun vaxt lazımdır. Lumanın sözlərinə görə, boğazdakı blokadanın götürülməsi 5 həftədən çoxdur Fars körfəzində qalan gəmilər üçün fürsət olsa da, tədarük zəncirindəki dalğalanmalar davam edəcək. O, logistika şirkətlərinin Oman, Səudiyyə Ərəbistanı və hətta Türkiyə üzərindən keçən quru yolu marşrutlarına daha çox üstünlük verəcəyini vurğulayıb.

Beynəlxalq Nəqliyyat və Logistika Xidməti İstehsalçıları Assosiasiyasının (UTİKAD) sədri Bilgehan Engin də qeyd edib ki, qısamüddətli atəşkəs tam təhlükəsiz keçid mühiti demək deyil. Engin neft qiymətlərindəki qismən ucuzlaşmaya baxmayaraq, sığorta haqlarının və yük daşımaları xərclərinin krizisdən əvvəlki səviyyəyə sürətlə qayıtmayacağını bildirib.

O, artıq alternativ marşrut axtarışlarının müvəqqəti tədbir deyil, daimi bir strategiyaya çevrildiyini, şirkətlərin tək marşrutdan asılılığı azaltmaq üçün multimodal daşıma həllərinə yönəldiyini diqqətə çatdırıb. Nəticə etibarilə, qlobal logistika sektoru gələcəkdə daha çevik, çoxşaxəli və risk yönümlü bir strukturla hərəkət etməyə hazırlaşır.

Избранный
38
afn.az

1Источники