RU

Deputat: Azərbaycan qısa müddətdə ərazi bütövlüyünü bərpa edərək dünyaya nümunə göstərdi

Azərbaycan qısa müddətdə ərazi bütövlüyünü bərpa edərək dünyaya nümunə göstərdi.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib.
Arzuxan Əlizadə deyib ki, hazırda dünyada gərginliklər davam etməkdədir, münaqişələr və müharibələr müxtəlif regionlarda ciddi təhdidlər yaradır: “İstər Yaxın Şərqdə, istər Rusiya-Ukrayna cəbhəsində, istərsə də ABŞ, İsrail və İran və İsrail ilə bağlı mövcud gərginliklər region ölkələri və dünya üçün ciddi təhlükələr yaratmaqdadır”.
Deputat qeyd edib ki Azərbaycan uzun müddət ərzində Ermənistanla münaqişə və müharibə şəraitində olub: “Şimal və cənub qonşularımız, eləcə də bir sıra Avropa ölkələri, xüsusilə Fransa Ermənistan separatçılarına və qanunsuz silahlı birləşmələrinə hərtərəfli dəstək verib. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının təxminən 20%-i işğal altında qalmışdır. Bu dövr ərzində biz diplomatik danışıqlar və sülh yolu ilə problemin həllinə çalışmışıq. Təəssüf ki, beynəlxalq hüquq normalarının təsirsiz olduğunu gördük. Bu acı təcrübəni yaşamışıq, amma 44 gün ərzində məsələni həll etmişik. Qarşı tərəfə böyük siyasi, maliyyə və hərbi dəstək verilmiş olsa da, biz qısa müddətdə Azərbaycan nümunəsi ortaya qoymuşuq və dünyaya separatçılıq və terrorçuluqla mübarizədə çıxış yolunu göstərmişik. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. Vətən müharibəsində 44 gün ərzində əldə edilən bu uğur eyni zamanda Ermənistana da öz suverenliyini bərpa etmək şansı verib. Müharibə bitən kimi Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sülh sazişinin imzalanmasını təklif edib, nümunə göstərib”.
Arzuxan Əlizadə nəzərə çatdırıb ki, Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatı zamanı mülki əhaliyə heç bir zərər dəyməyib: “Bu da göstərir ki, müharibə həm qanunlara uyğun, həm də humanist qaydada aparıla bilər. Bu uğurun əldə olunmasında Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti, balanslaşdırılmış qonşu və dünya dövlətləri ilə siyasəti, eləcə də Azərbaycan Ordusunun və zabitlərinin qəhrəmanlığı böyük rol oynayıb. Müharibədən sonra bölgədə əlverişli iqtisadi mühitin formalaşması istiqamətində ciddi addımlar atılıb. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə yeni kommunikasiya qovşaqları açılacaq və region ölkələri, həmçinin böyük dövlətlər bundan faydalanacaqlar. Bu layihələr sayəsində Azərbaycan həm coğrafi, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan regionun mərkəzində qərar tutub. Azərbaycan 21-ci əsrdə öz torpaqlarını işğaldan azad edən, suverenliyini və ərazi bütövlüyünü bərpa edən və uzun illər davam edən münaqişəyə öz iradəsi ilə son qoyan yeganə dövlətdir. Ümid edirik ki, planlaşdırılan layihələr də uğurla həyata keçiriləcək”.

Избранный
21
1
apa.az

2Источники