Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh malların və kapitalın sərbəst hərəkətinə qoyulan mövcud maneələri və məhdudiyyətləri aradan qaldırmağı tələb edir. Bu, Ermənistan üçün uzun müddətdir davam edən blokada dövründə əlçatmaz olan tamamilə yeni nəqliyyat marşrutları inkişaf etdirmək baxımından imkanlar açır.
Qeyd edək ki, hələ ötən ilin oktyabr ayından etibarən Azərbaycan öz ərazisindən Ermənistana yük daşınmasına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Azərbaycandan Ermənistana ilk tranzit yük Qazaxıstandan taxıl olub. 2025-ci ilin dekabr ayında Azərbaycan Ermənistana birbaşa neft məhsullarının tədarükünə başlayıb. Bu ilin əvvəlində Rusiya Avrasiya inteqrasiya proqramının bir hissəsi olaraq Azərbaycan vasitəsilə Ermənistana buğda tədarükünə başlayıb. 1000 tondan çox çəkiyə malik ilk partiya Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından göndərilib. 2026-cı ilin yazından bəri Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana gübrələr tədarük olunur. Mart ayında respublikaya 135 ton Rusiya gübrəsi və 1984 ton dizel yanacağı çatdırılıb. Ekspertlər burada bir məqamı xatırladır ki, Sovet İttifaqının iqtisadiyyatı dəmir yollarına əsaslanırdı. Cənubi Qafqaz mürəkkəb relyefə malik bir bölgə olduğundan, orada genişmiqyaslı yol tikintisi aparılmamışdı. Buna görə də, Ermənistanla Azərbaycan arasında avtomobil nəqliyyatının yenidən açılması, hazırda müasir standartlara uyğunlaşdırılmış keçmiş Sovet marşrutlarına çıxışı nəzərdə tutur. Məsələ ilə bağlı “Vesti Kafkaza” nəşri yazır ki, aşağıdakı marşrutlar Ermənistan üçün əlçatan ola bilər: Bakı – Ələt – Gəncə – Qazax – Gürcüstan sərhədi. Marşrutun uzunluğu 503 km-dir. Bu yol əsas tranzit axınını idarə edir və Azərbaycanı Gürcüstanla birləşdirir, Ermənistandan gələn yüklərin Yuxarı Lars keçid məntəqəsində olduğu kimitəhlükəli hava şəraiti ilə üzləşmədən Rusiyaya çatmasına imkan verir. Rusiya sərhədi – Bakı – Astara – İranla sərhəd (Şimal-Cənub Dəhlizinin Azərbaycan hissəsi). Bu marşrutun uzunluğu 521 km-dir. O, Rusiyanı Azərbaycan vasitəsilə İranla birləşdirir və Ağarak (Ermənistan) ilə Norduz (İran) arasındakı yeganə sərhəd keçidinə alternativ ola bilər. Ermənistanı Rusiya ilə birləşdirən əsas və hazırda yeganə dəmir yolu marşrutu Gəncə-Böyük Kəsik hissəsindən Azərbaycandan, daha sonra Gürcüstandan (Qardabani-Tiflis) keçərək Ermənistan-Gürcüstan sərhədinə (Sadaxlı-Ayrım) qədər uzanır. Məhz bu marşrut üzrə Ermənistana buğda və yanacaq çatdırılır. Bu dəmir yolunun açılması 1990-cı illərin əvvəllərindən bəri ilk dəfə olaraq Rusiya məhsullarının Ermənistana dəmir yolu ilə birbaşa daşınmasını mümkün etdi.
Azərbaycan vasitəsilə Ermənistana malların tranziti perspektivləri də olduğca yüksəkdir. Ən çox gözlənilən layihə 2028-ci ilin sonuna qədər açıla biləcək “Tramp Marşrutu” (TRIPP) kimi tanınan Zəngəzur dəhlizi olaraq qalır. Bu nisbətən qısa dəmir yolu hissəsi (42 kilometr) Azərbaycanın əsas hissəsini İranla sərhəddə yerləşən Ermənistanın Sünik bölgəsi vasitəsilə Naxçıvanla birləşdirəcək. Dəhlizə dəmir yolu, avtomobil yolu, qaz kəməri və elektrik xətti daxil olacaq. Ermənistanın dirçəltməkdə maraqlı olduğu ikinci marşrut İrəvandankeçərək Qazaxdan Ağstafa və Bakıya gedən dəmir yolu əlaqəsidir. Lakin bu nəqliyyat marşrutunun həyata keçirilməsi Ermənistanın özünün həll etməli olduğu problemlər ucbatından çətinləşir. Məsələn, bu marşrutun bəzi hissələri (Razdandan Dilicana, Dilicanadan İcevana və Kakavadzordan Dilicana) sürüşmə və uçqunlar səbəbindən işlək vəziyyətdə deyil. Bu hissələrin bərpası, bəzi hallarda isə yol örtüyünün tamamilə dəyişdirilməsi tələb olunur. Lakin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra sərhədlərin tam açılması və birbaşa avtomobil və dəmir yolu əlaqəsinin bərpası barədə danışmaq mümkün olacaq. Xüsusən də Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, eyni zamanda Ermənistan üçün də yeni iqtisadi imkanlar vəd edir. Bu dəhliz vasitəsilə Ermənistan regiondakı nəqliyyat blokadasından qismən çıxaraq beynəlxalq ticarət marşrutlarına daha asan çıxış əldə edəcək. Məsələn, Ermənistan öz ərazisindən keçən yollar vasitəsilə Rusiya, Türkiyə və İran bazarlarına daha sürətli və səmərəli çıxış əldə etmək imkanı qazana bilər. Bu isə ölkənin ixrac potensialını artırmaqla yanaşı, tranzit ölkə kimi rolunu da gücləndirəcək. Bundan əlavə, yolların açılması Ermənistan daxilində infrastrukturun inkişafına təkan verəcək. Yeni dəmir yollarının və avtomobil magistrallarının tikintisi investisiya axınını stimullaşdırar, yeni iş yerləri yaradar və regionların sosial-iqtisadi inkişafını sürətləndirər. Bu, xüsusilə uzun müddət iqtisadi çətinliklərlə üzləşən sərhəd bölgələri üçün əhəmiyyətlidir. Azərbaycanın bu təşəbbüsü regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına da xidmət edir. Nəqliyyat əlaqələrinin bərpası qarşılıqlı asılılığı artıraraq tərəflər arasında etimadın möhkəmlənməsinə kömək edə bilər. Tarix göstərir ki, iqtisadi əməkdaşlıq çox vaxt siyasi münasibətlərin normallaşmasına zəmin yaradır. Bu baxımdan yeni yolların açılması yalnız iqtisadi deyil, həm də siyasi sabitlik üçün mühüm addım hesab olunur. Bu proses həm iqtisadi inkişaf, həm də siyasi sabitlik baxımından böyük potensiala malikdir. Lakin bu potensialın reallaşması üçün tərəflər arasında qarşılıqlı etimadın artırılması, hüquqi və texniki məsələlərin həlli və regional əməkdaşlığın gücləndirilməsi vacibdir. Əgər bu şərtlər təmin olunarsa, yeni nəqliyyat xətləri regionu qlobal ticarət şəbəkəsinin mühüm hissəsinə çevirə bilər və uzunmüddətli sülhün təmin olunmasına töhfə verə bilər.
Samirə SƏFƏROVA