Yaxın Şərqdə artan geosiyasi gərginlik və böyük güclər arasında gedən danışıqlar fonunda qlobal enerji təhlükəsizliyi yenidən diqqət mərkəzinə çıxıb. Xüsusilə dünya neft daşımalarının mühüm hissəsinin həyata keçirildiyi Hörmüz boğazı ətrafında səslənən açıqlamalar və iddialar yalnız regional deyil, beynəlxalq səviyyədə də ciddi narahatlıq doğurur. Bu strateji marşrut üzərində mümkün məhdudiyyətlər və ya yeni şərtlər qlobal ticarət axınlarına, enerji bazarlarına və beynəlxalq hüququn tətbiqinə birbaşa təsir edə biləcək faktor kimi qiymətləndirilir.
Maraqlıdır, Hörmüz boğazı kimi strateji beynəlxalq su yollarında sahilyanı dövlətlərin tranzit keçid üzərində səlahiyyətləri necə tənzimlənir?
İranın birtərəfli qaydada ödəniş və ya icazə tələb etməsi beynəlxalq hüquq baxımından nə deməkdir və bu, qlobal enerji və gəmiçilik sisteminə hansı riskləri gətirə bilər?
Moderator.az-a mövzu ilə bağlı politoloq Turan Rzayev münasibət bildirib.
Pilitoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın açıqlamaları Vaşinqton və Tehran arasında nüvə proqramı və Hörmüz boğazının açıq saxlanması ilə bağlı razılaşma iddialarını gündəmə gətirib:
"Ağ Ev rəhbəri qeyd edib ki, razılaşma çərçivəsində İran nüvə silahına sahib olmayacaq, boğaz isə beynəlxalq gəmiçilik üçün təhlükəsiz qalacaq və ABŞ qüvvələri növbəti mərhələyə hazırlaşır.
Hörmüz boğazı ilə bağlı səslənən “tranzit haqqı” iddiaları xüsusilə diqqət çəkir. İranın gəmilərdən əvvəlcədən icazə tələb etməsi və ya tranzit üçün ödəniş prosesi tətbiq etməsi beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Bu boğaz BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən tranzit keçid rejiminə tabe olan klassik beynəlxalq su yoludur. Belə ki, sahilyanı dövlət boğazın istifadəsini dayandıra, ödəniş tətbiq edə və ya keçidi birtərəfli qaydada məhdudlaşdıra bilməz".
Turan Rzayev qeyd edib ki, “Zərərsiz keçid” və “tranzit keçid” prinsiplərinin fərqi burada mühümdür:
"Zərərsiz keçid sahilyanı dövlətə bəzi hallarda keçidi tənzimləmək imkanı verir, lakin tranzit keçid prinsipində bu səlahiyyət mövcud deyil. Hörmüz boğazında tətbiq olunan məhz tranzit keçid rejimidir, yəni İranın icazə və ödəniş tələb etməsi hüquqi pozuntudur.
Təbii boğazların hüquqi rejimi süni kanallardan fərqlidir. Məsələn, Suveyş və Panama kanalları süni infrastruktur layihəsi olduğundan dövlətlər daha geniş iqtisadi səlahiyyətlərə malikdir. Hörmüz isə təbii boğazdır və burada əsas prinsip beynəlxalq gəmiçiliyin azadlığıdır.
Əgər İranın iddiaları qanuni qəbul edilərsə, bu, digər strateji boğazlarda da oxşar tələblərin irəli sürülməsinə presedent yarada bilər. Nəticədə beynəlxalq gəmiçilik və enerji bazarlarında ciddi risklər formalaşa, qlobal dəniz nəqliyyatı sistemində domino effekti yarana bilər".
Pərvin Şakirqızı