RU

Oksford və Kembricə qəbul olan bacılar və atası danışdı: Uğursuzluq da bir fürsətdir

Xəbər verdiyimiz kimi, 2022-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olan Həmidə və Nəzrin Sadıqova bacıları Böyük Britaniyanın Oksford və Kembric Universitetlərinin magistraturalarına qəbul alıblar.

Ölkə.Az dünyanın ən nüfuzlu üniversitetinə qəbul olan bacılarla söhbətləşib.

Saytımıza danışan Nəzrin Sadıqova Oksford Universitetinin Hüquq və Maliyyə üzrə elm magistrına qəbul olub. 19 yaşlı Nəzrin birinci sinifdən etibarən mütəmadi şəkildə dərslərə hazır olduğunu deyib. O, ali təhsil müəssisi üçün 2 il hazırlaşdığını söyləyib:

“9-cu sinifdə istədiyim sahəni dəqiqləşdirəndən sonra, məqsədimə nail olmaq üçün son 2 ili sistemli şəkildə hazırlaşdım. Bu yolda məndən dəstəklərini əsirgəməyən ailəmə və müəllimlərimə təşəkkürümü bildirirəm. 

Ədalət anlayışına olan marağım vardı və cəmiyyətə təsir etmək istəyirdim. Ona görə də hüququ seçdim. Məncə, hüquq yalnız qaydalar toplusu deyil, həm də insanların hüquqlarını qoruyan və sosial balansı təmin edən əsas mexanizmdir”. 

N.Sadıqova Prezident təqaüdünə layiq görülməsindən də söz açıb:

“Öncəliklə, Cənab Prezident İlham Əliyevə məni bu fəxri ada layiq görməsinə görə təşəkkür edirəm. Mənim üçün böyük qürur və eyni zamanda ciddi məsuliyyətdir. Bu status mənə göstərir ki, dövlət mənə güvənir və bu güvəni doğrultmaq üçün daha çox çalışmalıyam. Çox şükür ki, bu fəxri adı layiqincə qorumaq nəsib oldu”.

Nəzrin Oksford və Kembric kimi universitetlərə müraciət prosesinin kifayət qədər uzun və məsuliyyətli olduğunu bildirib:

“Bu prosesə erkən başladım və hər addımı planlı şəkildə həyata keçirməyə çalışdım. İlk növbədə, beynəlxalq standartlara uyğun olaraq ingilis dili biliyimi təsdiqləmək üçün IELTS imtahanına hazırlaşdım. Daha sonra müraciət üçün tələb olunan sənədlərin toplanmasına başladım.  Xüsusilə motivasiya məktubu üzərində çox işlədim, çünki bu sənəd mənim məqsədlərimi, niyə məhz bu sahəni seçdiyimi və gələcək planlarımı aydın şəkildə ifadə etməli idi.
Qəbul məktubunu aldığım anı heç vaxt unutmaram. Bu, mənim üçün sadəcə bir nəticə deyil, uzun müddət çəkən zəhmətin, inamın və səbrin qarşılığı idi. Həmişə hər şeyin yaxşı olacına dair ümidim vardı. Amma eyni zamanda səmimi desəm, bəzən şübhələrim də olurdu. Çünki rəqabət çox yüksək idi və dünyanın ən güclü namizədləri bu proqramlara müraciət edirdi.
Qəbul məktubunu görəndə isə həm böyük sevinc, həm də daxili bir rahatlıq hiss etdim. Sanki bütün o stress, narahatlıq və gözləntilər bir anda yox oldu. O an başa düşdüm ki, həm zəhmət, həm də inam birlikdə olanda nəticə verir”.

Nəzrin Sadıqovanın sözlərinə görə, hüquq və maliyyə sahələrinin kəsişməsi müasir dünyada getdikcə daha çox əhəmiyyət qazandığı üçün bu istiqamətdə ixtisaslaşmağı hədəfləyib.

Nəzrin bacısı Həmidə ilə aralarında rəqabətdən daha çox dəstək mühiti olduğunu söyləyib: 

“Bu da bir-birimizi irəli aparan faktor idi. Dərsləri müzakirə etmək, imtahanlara birlikdə hazırlaşmaq və çətin anlarda motivasiya vermək prosesimizi xeyli asanlaşdırıb. Bu, həm də bizi daha məsuliyyətli və məqsədyönlü edib”.

Nəzrin deyir ki, magistratura təhsilini tamamladıqdan sonra, qazandığı bilik və təcrübəni ölkəmizin inkişafına töhfə vermək üçün istifadə etməyi planlaşdırır. O, gənclərə özlərinə inanmağı və böyük hədəflərdən qorxmamağı tövsiyə edir.

Kembric Universitetinə qəbul olan Həmidə Sadıqova isə Siyasət və Beynəlxalq Araşdırmalar (Əlaqələr) üzrə fəlsəfə magistrına qəbul olub.

Ölkə.Az-a danışan 2005-ci il təvəllüdlü Həmidə Sadıqova da uğuruna görə valideynlərinə və müəllimlərinə isə xüsusi təşəkkür edib.

“9-cu sinifdən bu qərara gəlmişdim, valideynlərim isə ən başından məni dəstəklədilər. Məqsədim dövlətimizi beynəlxalq arenada layiqincə təmsil etmək və qlobal səviyyədə irəli aparmağa töhfə verməkdir”. 

Həmidə Sadıqova deyir ki, universitet dövründə həm akademik nəticələrini yüksək səviyyədə saxlamaq, həm də sosial layihələrdə və s. aktiv iştirak etmək bir qədər çətin olsa da, bu onu yolundan döndərə bilməyib.

“Bakı Dövlət Universiteti-da keçdiyim təhsil mənə beynəlxalq səviyyədə rəqabət aparmaq üçün güclü baza yaratdı; yüz ildən artıq tarixi olan universitetimizin diplomu xaricdə də tanınır və bu, müxtəlif imkanları açır. Hüquq fakültəmizin təhsil səviyyəsi yüksəkdir və heç də xaricdəki oxşar proqramlardan geri qalmır, əksinə, beynəlxalq standartlara uyğundur. Bundan əlavə, universitetdə iştirak etdiyim layihələr, tədbirlər və elmi mübadilə imkanları mənə beynəlxalq hüquq mühitində işləmək üçün lazım olan biliklər qazandırdı”.

Həmidə Kembric universitetinə müraciət prosesinə hələ 3-cü kursda olarkən başladığını söyləyib:

“Artıq kifayət qədər araşdırma aparmışdım və müxtəlif universitetlərin proqramlarını müqayisə etmişdim. Nəticədə “MPhil in Politics and International Studies” proqramını seçdim, çünki beynəlxalq hüquq sahəsində ixtisaslaşmaq istəyim olsa da, düşündüm ki, hüquq təhsilimi daraltmaq əvəzinə onu genişləndirmək daha faydalıdır”. 

H.Sadıqova qəbul şansının az olduğunu, buna görə də nəticənin onun üçün böyük bir sürpriz olduğunu bildirib.
“Bu universiteti seçməyimin əsas səbəbi ilk növbədə Kembricin yüksək akademik mühiti, supervisor və tutor sistemi ilə göstərilən fərdi dəstək və tələbəyə yönəlmiş yanaşmasıdır; burada həm bilik, həm də tədqiqat bacarıqlarımı maksimum səviyyədə inkişaf etdirmək mümkündür”. 

Həmidə də uğur qazanmasında bacısının rolu olduğunu deyib:
“Biz həmişə bir-birimizi daha yaxşı nəticələrə təşviq edən bir qüvvə olmuşuq. Çətin anlarda bir-birimizə kömək etmişik. Eyni zamanda, konstruktiv şəkildə bir-birimizi tənqid edərək inkişafımıza töhfə vermişik. Yəni, biz bir-birimizin uğuruna birbaşa deyil, daha çox arxa planda dayananaraq təsir etmişik. Aramızda rəqabətdən daha çox dəstək mühiti olub. Ətrafdakılar bizi tez-tez müqayisə etsə də, biz heç vaxt özümüzü bir-birimizlə ölçməmişik. Bir-birimizə dəstək olsaq da, hərə öz işini özü görüb. Bu günə qədər elə bir hal olmayıb ki, mən dərsi onun əvəzinə edim və ya əksinə”.

Həmidə ailəsindən heç vaxt “bacarmazsan” sözünü Eşitmədiyini, sadəcə evdən ona dəstək göstərildiyini vurğulayıb. O, uğursuz olduqda belə bunu fürsət kimi qiymətləndirib:

“Çünki uğursuzluq olmadan irəliləyiş mümkün deyil. Nəticə istədiyim kimi olmadıqda daha çox çalışır, səbrlə və Allaha güvənərək məqsədimə doğru irəliləyirəm”.  

Həmidə də Nəzrin kimi təhsil aldıqdan sonra Azərbaycana qayıtmağı düşünür:

“Dövlət Təqaüd Proqramına müraciət edəcəyik və qalib gəlsək, təhsilimizi davam etdirərək əldə etdiyim bilik, bacarıq və təcrübəni ölkəmizdə paylaşmaq, burada fəaliyyət göstərmək və ölkəmizin inkişafına töhfə vermək niyyətindəyik”. 

Nəzrin və Həmidəni atası hüquqşünas Cəmşid Sadıqov saytımıza açıqlamasında övladları ilə fəxr etdiyini söyləyib:

“Hamı kimi mən də çox sevinirəm. Allah bütün balalara qismət eləsin. Qızlar orta məktəbi də qızıl medalla bitiriblər, prezident təqaüdünə layiq görülüblər. Yaxşı nəticə gözləyirdik, amma Oksfordu o qədər də gözləmirdik.  Qızların Oksford və Kembricə qəbul olduqlarını eşidəndə sevincdən gözlərim doldu. Allah hər kəsə belə övladlar qismət eləsin”. 

Billurə Yunus
 

Избранный
34
1
olke.az

2Источники