RU

Türk ekspert: Azərbaycan nə tərəf seçir, nə də geri çəkilir, balanslı siyasətlə bölgədə oyunu dəyişir

Bakı, 9 aprel, AZƏRTAC

Fevralın 28-də başlayan ABŞ-İran qarşıdurması fonunda Türkiyə və Azərbaycan Yaxın Şərq böhranında ən etibarlı ölkələr kimi ön plana çıxıblar.

Bunu AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Emre Diner deyib.

Azərbaycanın münaqişə tərəfləri ilə münasibətlərinə diqqət çəkən E.Diner əlavə edib: “Azərbaycan hər üç dövlətlə – İran, İsrail və ABŞ ilə yaxşı münasibətlərə malikdir. İranla uzun sərhədi bölüşür, eyni zamanda, İsrail və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Prezident İlham Əliyev rəhbərliyində Azərbaycanın bu dövlətlərlə eyni vaxtda yaxın münasibətlər saxlaması ölkənin müstəqillikdən bəri yürüdüyü balanslı xarici siyasətin nəticəsidir. Bu siyasət sayəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınıb və eyni zamanda, öz təhlükəsizliyini diplomatik yollarla təmin etməyi bacarıb”.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz geosiyasətində xarici siyasətinin mərkəzinə yalnız sülhü qoyub. Bu baxımdan Azərbaycan, Türkiyə kimi, bölgədə sülhü və sabitliyi prioritet hesab edir.

“Azərbaycan son dövrdə Ermənistanla yekun sülhün əldə olunması istiqamətində mühüm diplomatik addımlar atıb. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Cənubi Qafqaz artıq silah səsləri ilə deyil, sülhün sədaları ilə yadda qalmalıdır. Azərbaycanın balanslı siyasəti İranla bağlı məsələlərdə də açıq şəkildə özünü göstərir. Bakı 2025-ci ilin iyununda İranın 12 gün ərzində İsrail tərəfindən vurulmasına reaksiya verdi, bunu beynəlxalq hüquqa zidd adlandırdı və problemlərin yalnız diplomatik yollarla həll edilməsinin vacibliyini vurğuladı. Azərbaycan öz ərazisinin və hava məkanının hər hansı dövlət tərəfindən İrana qarşı hərbi məqsədlərlə istifadə olunmasına heç vaxt icazə verməyəcəyini də açıq şəkildə bəyan edib. Azərbaycan bu mövqeyi hazırkı vəziyyətdə də qoruyur. ABŞ və İsrailin İranla fevralın 28-də başlayan müharibəsinə münasibətdə Azərbaycan yenə də balanslı mövqe sərgilədi. Hərbi eskalasiyanı region və dünya üçün ciddi təhlükə kimi qiymətləndirərək tərəfləri təmkinli olmağa, gərginliyi artıracaq addımlardan çəkinməyə və danışıqlara qayıtmağa çağırdı”, – deyə E.Diner vurğulayıb.

Ekspert bildirib ki, Azərbaycan münaqişənin əvvəlindən bəri öz ərazisinin İrana qarşı hər hansı təhdid üçün istifadə olunmasına imkan verməyəcəyini açıq şəkildə bəyan edir. “Naxçıvan istiqamətində baş verən və “saxta bayraq əməliyyatı” kimi qiymətləndirilən hadisə fonunda Azərbaycanın İranla əlaqələri balanslı şəkildə idarə etməsi iki ölkə münasibətləri üçün mühüm sınaq olub. Prezident İlham Əliyev bu balans siyasəti ilə İranla gələcək münasibətlər üçün həm iqtisadi, həm də strateji baxımdan yeni imkanlar formalaşdırıb. İran Prezidenti Məsud Pezeşkian ilə Prezident İlham Əliyev arasında telefon danışığı da münasibətlərdə açıq və davamlı dialoqun göstəricisidir”, - deyə Emre Diner bildirib.

Onun sözlərinə görə, bu proses, eyni zamanda, İranın da Azərbaycan ilə Türkiyənin regionda etibarlı tərəfdaş və sabitlik amili olduğunu daha aydın şəkildə dərk etməsinə səbəb olub. Prezident İlham Əliyevin balans siyasəti ilə yanaşı, azərbaycanəsilli və Bakı-Tehran münasibətlərinə önəm verən Məsud Pezeşkianın prezident seçilməsi iki ölkə münasibətlərini yeni və müsbət mərhələyə çıxarıb. Münasibətlərin qorunması və inkişafı onların daha da dayanıqlı ola biləcəyini göstərir.

Sonda E.Diner qeyd edib ki, Türkiyənin regionda artan balanslaşdırıcı və dəstəkləyici rolu Azərbaycan–Türkiyə–İran əməkdaşlığını daha da inkişaf etdirə bilər. Azərbaycanın İrana humanitar yardımları, tərəflərə davamlı təmkin çağırışları və Tehranla fasiləsiz təmasları göstərir ki, Bakı ilə Tehran arasında məhdud da olsa uğurlu əməkdaşlıq davam edə bilər.

Müxbir - Səbinə Əlizadə

Избранный
53
50
azertag.az

10Источники