Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həlli istiqamətində Rusiya və Amerika nümayəndə heyətlərinin iştirakı ilə yeni üçtərəfli görüşə hazırlıqların getdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Ukrayna liderinin bu barədə jurnalistlərə verdiyi açıqlama “Novosti.Live” teleqram kanalında dərc olunub.
Zelenskinin sözlərinə görə, tərəflər yaxın gələcəkdə üçtərəfli formatda bir araya gəlmək və ya ABŞ nümayəndə heyətinin iştirakı ilə Moskva və Kiyevdə ardıcıl iki ikitərəfli görüş təşkil etmək barədə razılığa gəliblər.
Ukrayna lideri danışıqlar prosesindəki müvəqqəti ləngiməni Yaxın Şərqdəki gərginliklə əlaqələndirib:
“Kiyev Vaşinqtonla təhlükəsizlik zəmanətləri mövzusunda müzakirələri davam etdirsə də, hələlik bu məsələdə konkret qərarlar qəbul edilməyib”.
Qeyd edək ki, Rusiya tərəfi də danışıqlarda yaranan fasiləni eyni səbəblə izah edib. Kreml rəsmisi Dmitri Peskov bildirib ki, amerikalı diplomatlar hazırda bütün diqqətlərini İran məsələsinə yönəldiblər. O, ABŞ nümayəndə heyətinin İran böhranından “azad olaraq” Ukrayna münaqişəsinin həlli müzakirələrinə qayıtmasını gözlədiklərini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Kreml Ukrayna ilə Pasxa bayramı ərəfəsində mümkün atəşkəs barədə sualları cavablandırarkən bu məsələdə hələlik rəsmi bir təklifin olmadığını bildirmişdi.