RU

Qidadan zəhərlənmiş şəxs restorandan təzminat ala bilər? AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Şirvanda restoranda baş verən kütləvi zəhərlənmə hadisəsi ictimai iaşə obyektlərində təhlükəsizlik və hüquqi məsuliyyət məsələsini yenidən gündəmə gətirib. “Pizza Time” restoranında zəhərlənənlərin sayı artıq 15 nəfərə çatıb və faktla bağlı genişmiqyaslı araşdırmalar aparılır. Hazırda obyektin fəaliyyəti dayandırılıb, Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlamalar davam edir.Bu cür hallarda vətəndaşların hüquqlarının qorunması mexanizmi qanunvericiliklə tənzimlənir. Qida zəhərlənməsi ilə üzləşən şəxslər həm sağlamlıqlarına dəymiş zərərin, həm də çəkdikləri mənəvi iztirabların kompensasiyasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi bu məsələdə istehlakçının tərəfində dayanır. Xidmətin və ya məhsulun qüsurlu olması səbəbindən yaranan hər bir zərər birbaşa həmin xidməti göstərən və ya məhsulu təqdim edən tərəfin üzərinə düşür.Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai iaşə obyektində (restoran, kafe və s.) baş verən zəhərlənmə halı ilə bağlı zərərçəkən şəxs həmin müəssisəni məhkəməyə verərək həm maddi, həm də mənəvi zərərə görə təzminat tələb edə bilər:“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini xidməti göstərmiş şəxs ödəməlidir. Həmçinin malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. Zərərçəkən şəxs zəhərlənmə nəticəsində çəkdiyi tibbi xərcləri, iş qabiliyyətinin itirilməsi nəticəsində məhrum olduğu qazancı və çəkdiyi iztirablara görə mənəvi zərərin ödənilməsini tələb edə bilər. Təzminat almaq üçün zəruri addımlar həmin şəxslər ilk olaraq, sübutlar toplanmalıdır. Bu, məsələn, restoranda yemək yediyinizi təsdiq edən kassa çeki ola bilər. Zəhərlənmənin məhz həmin qidadan baş verdiyini təsdiq edən həkim rəyi və ya ekspertiza nəticəsi olunmalıdır. Bu sübutları topladıqdan sonra əvvəlcə obyektə rəsmi şikayət göndərilməli, nəticə vermədikdə isə məhkəməyə müraciət edilməlidir”.Şirvandakı hadisə digər sahibkarlar üçün də xəbərdarlıqdır. Sanitariya normalarına laqeyd münasibət təkcə inzibati cərimələrlə deyil, həm də biznesin tamamilə bağlanması və ağır təzminat ödənişləri ilə nəticələnə bilər. İstehlakçıların sosial media və hüquqi yollarla aktivləşməsi bu növ hadisələrdə ictimai nəzarəti daha da gücləndirir.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
demokrat.az

1Источники