RU

Elnarə Xəlilova: “Qalmaqal yaratmaq üçün bekar olmaq lazımdır” ANONS

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“525-ci qəzet”in 10 aprel tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla M-zadənin müğənni Elnarə Xəlilova ilə apardığı maraqlı müsahibədir.

Müsahibədə Elnarə Xəlilova uşaqlıqdan gələn enerjili xarakterinin bu günə qədər davam etdiyini, zamanla bunu daha çox fəallıq və məqsədyönlülüyə yönəltdiyini bildirib. O, təhsilinə ciddi yanaşdığını və universiteti fərqlənmə ilə bitirdiyini vurğulayıb.

Sənətə gəlişindən danışan ifaçı bildirib ki, musiqiyə marağı erkən yaşlardan formalaşıb. Musiqi məktəbində təhsil alıb, daha sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunda solist kimi çıxış edib. Sonradan təsadüfi bir görüş onun həyatında dönüş nöqtəsinə çevrilib və Vaqif Gərayzadə ilə tanışlığı sənət yolunu müəyyənləşdirib.

Elnarə Xəlilova məşhur “W-trio” qrupunun yaranma tarixindən də bəhs edərək bildirib ki, bu layihə onun sənət həyatında mühüm mərhələ olub. Qrupun hər bir üzvünün zamanla fərqli yol seçdiyini, lakin bu gün də aralarında normal münasibətlərin qaldığını deyib.

Müğənni şou-biznesdə qalmaqallardan uzaq durduğunu, buna nə marağının, nə də vaxtının olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaradıcılıqla ciddi məşğul olan insan üçün əsas məsələ keyfiyyətli iş ortaya qoymaqdır.

O, yaratdığı EL yaradıcılıq mərkəzi vasitəsilə yeni istedadların üzə çıxarılması istiqamətində fəaliyyət göstərdiyini, müxtəlif yaş və peşə sahibləri ilə çalışaraq onların inkişafına dəstək verdiyini bildirib.

Elnarə Xəlilova həmçinin Dövlət Sərhəd Xidməti ilə əməkdaşlığından, vətənpərvərlik ruhunda layihələrdə iştirakından danışıb və bu fəaliyyətin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.

Şəxsi həyatından bəhs edən sənətçi dörd övlad anası olduğunu, ailənin onun üçün ən böyük dəyər sayıldığını bildirib. Övladlarının yaradıcı istiqamətə meyilli olduqlarını və onların həm təhsilinə, həm də istedadlarının inkişafına dəstək verdiyini deyib.

Müsahibənin sonunda Elnarə Xəlilova 44 günlük Vətən müharibəsinə münasibətini bölüşərək bu qələbənin xalq üçün böyük qürur mənbəyi olduğunu qeyd edib, eyni zamanda gələcək nəsillər üçün müharibəsiz dünya arzusunu ifadə edib.

Nigar Abbasov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
525.az

1Источники