
Suriya Maliyyə naziri Məhəmməd Yusr Berniyyə ölkə iqtisadiyyatının bərpa və yenidənqurma mərhələsinə qədəm qoyduğunu bildirərək, 2026-cı ildə iqtisadi artımın 10 faizdən çox olacağını bəyan edib.
AFN.az xəbər verir ki, Maliyyə Nazirliyində keçirilən mətbuat konfransında çıxış edən Berniyyə büdcə şəffaflığını təmin etmək məqsədilə 2026-cı il büdcəsinin sadələşdirilmiş vətəndaş versiyasının dərc edildiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, 2026-cı il büdcəsində dövlət gəlirlərinin təxminən 958,8 milyard yeni Suriya lirəsi, xərclərin isə 1156,7 milyard yeni Suriya lirəsi olması proqnozlaşdırılır.
Xərclərin 27 faizinin investisiyalara, 60 faizinin cari xərclərə, 13 faizinin isə sosial təminat layihələrinə yönəldiləcəyi bildirilib. Gəlirlərin yarısının vergi və gömrük rüsumlarından, 28 faizinin neft-qaz satışından, qalan hissəsinin isə digər mənbələrdən əldə edilməsi planlaşdırılır.
Berniyyə 2026-cı il üçün iqtisadi göstəricilərin müsbət olduğunu və ölkəyə əhəmiyyətli dərəcədə xarici investisiyanın cəlb olunacağını gözlədiklərini ifadə edib. O, əməkhaqqı islahatlarının davam etdiyini, büdcə prioritetləri sırasında səhiyyə və təhsil xidmətlərinin yaxşılaşdırılmasının mühüm yer tutduğunu vurğulayıb.
Nazir həmçinin yoxsulluqla mübarizə strategiyasının həyata keçiriləcəyini və aşağı gəlirli təbəqənin dövlət siyasətinin mərkəzində olduğunu qeyd edib. Büdcə xərclərinin təxminən 10,5 milyard dollara yüksəldiyini deyən Berniyyə, işçilərin maaşlarının ildə iki dəfə artırılacağını, bu artımlardan birinin inflyasiyaya, digərinin isə fərdi performansa əsaslanacağını bildirib. Sonda nazir əlavə edib ki, hökumət yeni büdcədə vergi artımı nəzərdə tutmur və tətbiq olunacaq yeni vergi sistemi iş dünyası ilə investisiyaları daha çox stimullaşdıracaq.