RU

Azərbaycanlı müğənninin ölümündən sonra gündəm oldu – Yeni qadağa gəlir?

Xəbər verdiyimiz kimi, ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb. Burada sürücü ilə bağlı bir detal diqqət çəkib. Təqsirləndirilən şəxs hadisə zamanı yuxulu olduğunu bildirib. Onun eyni vaxtda iki işdə çalışdığı ortaya çıxıb: 1 nömrəli çörək zavodunda gecə növbəsində sürücü işləyib, sonra isə icarə əsasında götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Bu məsələ sosial şəbəkələrdə müzakirə yaradıb.

Qanunvericilikdə bu məsələ necə tənzimlənir? İkinci iş kimi taksi sürücülüyünə qadağa varmı? Dünya təcrübəsi bu barədə nə deyir?

KONKRET.az bildirir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, müasir əmək münasibətləri sistemində bir şəxsin bir neçə işdə çalışması qadağan olunmur:

“Lakin müəyyən məhdudiyyətlər və şərtlərlə tənzimlənir. Əmək Məcəlləsinə görə, işçinin əlavə işdə çalışmaq hüququ var və bu hal “əvəzçilik” adlanır. İşçi əsas iş yerindən əlavə başqa iş yerində işləyə bilər, amma iş vaxtının ümumi müddəti qanunda müəyyən edilmiş normaları aşmamalı, istirahət və fasilə hüquqları qorunmalıdır. Qanunvericilikdə taksi sürücülüyünə birbaşa qadağa nəzərdə tutulmayıb. Ancaq məsələ yalnız hüquqi icazə ilə məhdudlaşmır. Uzun iş saatları, xüsusilə gecə növbəsi ilə gündüz əlavə fəaliyyət, sürücünün yuxu rejimini poza, diqqət və reaksiya sürətini zəiflədə bilər. Bu isə yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır. Yol hərəkəti qanunvericiliyinə görə, sürücünün təhlükəsiz idarəetmə qabiliyyəti əsas meyardır və yorğunluq səbəbindən qəza baş verərsə, məsuliyyət artır və ağırlaşdırıcı amil kimi qiymətləndirilə bilər”.

Hüquqşünas bildirib ki, dünya təcrübəsində, xüsusilə Avropa İttifaqı (Aİ) ilə ABŞ-da peşəkar sürücülər üçün iş və istirahət rejimi sərt qaydalarla tənzimlənir:

“Gündəlik maksimum sürmə saatları, həftəlik iş limiti və məcburi istirahət dövrləri tətbiq edilir. Taksi xidmətlərində də platformalar sürücülərin ardıcıl aktiv saatını izləyir və müəyyən həddən sonra bloklayır. İşəgötürənlərlə platformalar sürücülərin sağlamlıq və iş yükünə nəzarət etmək öhdəliyinə malikdirlər, çünki qəza riski həm sürücülərin, həm sərnişinlərin, həm də digər yol iştirakçılarının həyatını təhlükə altına qoyur. Yəni praktik baxımdan əsas məsələ hüquqi icazədən çox təhlükəsizliyin təmin olunmasıdır. Gələcəkdə milli qanunvericilikdə bu sahədə daha konkret tənzimləmələr tətbiq olunması ehtimalı edilir”.

Избранный
14
1
konkret.az

2Источники