RU

Hücumlardan sonra Səudiyyə Ərəbistanının ixrac gücü gündə 700 min barel azalıb

Bakı, 10 aprel, AZƏRTAC

Hücumlardan sonra Səudiyyə Ərəbistanının neft ixrac gücü gündə 700 min barel azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi ölkənin Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, hücumlar nəticəsində bir neçə yanacaq-enerji obyekti zərər görüb. Xüsusilə Şərq-Qərb neft kəməri üzərində yerləşən nasos stansiyalarına hücum edilib. Bu kəmər “Saudi Aramco” şirkəti tərəfindən istifadə olunur və Hörmüz boğazından yan keçməklə neftin ixracına imkan verir. Hücum nəticəsində qlobal bazarlara əsas təchizat marşrutlarından biri üzrə təxminən 700 min barel/gün həcmində itki qeydə alınıb.

Bundan əlavə, hücum Manifdə yerləşən istehsal kompleksinə də təsir göstərib və bu, onun gündəlik istehsal gücünün təxminən 300 min barel azalmasına səbəb olub.

Qeyd edək ki, Şərq-Qərb neft kəməri vasitəsilə gündə 7 milyon barelədək neft Yanbu limanına yönləndirilə bilir.

“Financial Times” mənbələrinə görə, boru kəmərinə hücum Donald Trumpın İranla iki həftəlik atəşkəs elan etməsindən bir neçə saat sonra baş verib.

Krallığın Energetika Nazirliyindəki mənbə bildirib ki, ölkənin həyati əhəmiyyətli enerji infrastrukturu son dövrlərdə çoxsaylı hücumlara məruz qalır. Bu hücumlar Ər-Riyad, Şərq əyaləti və Yanbu sənaye şəhərində yerləşən neft-kimya zavodları və enerji obyektlərinə təsir göstərib.

Избранный
27
3
azertag.az

4Источники