RU

Şəhidlik əbədi ömrün başlanğıcıdır

Vətən sevgisi insanın ruhunda kök salan, zamanın sınaqlarından keçərək  möhkəmlənən ən ali duyğulardandır. Vətən sevgisi sadəcə sözdə deyil, əməldə, fədakarlıqda, canını Vətən yolunda qurban verməkdə özünü göstərən bir hissdir. 

Uzun illər boyu Qarabağın bir hissəsinin işğal altında qalması xalqımızın yaddaşına ağrı-acılı tarix kimi yazılsa da, ümidsizlik hissi hakim ola bilmədi. Ədalətə olan inam  illər keçdikcə xalqın qəlbində bir amal, məqsəd kimi böyüdü. Nəhayət, 2020-ci ildə baş verən və tariximizə qızıl hərflərlə yazılan Zəfər xalqımızın iradəsini, ordumuzun gücünü və Vətən oğullarının misilsiz qəhrəmanlığını dünyaya nümayiş etdirdi. Bu Zəfər təkcə torpaqların azadlığı deyildi, həm də milli qürurun, ləyaqətin, ədalətin bərpası idi. Məhz bu müqəddəs savaşda minlərlə igid oğul Vətən uğrunda canından keçərək adını tarixə əbədi yazdırdı. Onların hər birinin əziz xatirəsi  xalqımızın qəlbində yaşayan bir qəhrəmana, azadlığımızın canlı simvoluna çevrildi. Belə qəhrəmanlardan biri də Zeynal Alim oğlu Zülfüqarlıdır.

O, 1995-ci il mayın 31-də Şirvan şəhərində dünyaya göz açıb. Vətən sevgisi ilə böyüyən, torpağa bağlılığı ilə seçilən Zeynal gənc yaşlarından hərbi qulluğa böyük maraq göstərib. Azərbaycan Ordusunda kiçik gizir kimi xidmət edərkən özünü intizamlı, cəsarətli və etibarlı döyüşçü kimi təsdiq edən Zeynal Zülfüqarlı 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə vuruşaraq Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib.

Döyüşlərin ən gərgin anlarında belə geri çəkilməyi düşünməyən, hər zaman irəli atılan Zeynal silahdaşları arasında cəsarəti və soyuqqanlılığı ilə seçilirdi. Fasiləsiz  davam edən döyüşlərdə Zeynalın yalnız bir arzusu var idi - Vətəni azad görmək. Xocavənd rayonu düşmən üçün xüsusi strateji əhəmiyyət daşıyırdı. Bu ərazidə qurulan keçilməz istehkamlar, mövqe üstünlüyü və ciddi müqavimət döyüşlərin gedişini daha da çətinləşdirirdi. Bir məsələ var idi, düşmən bunu unutmuşdu - Azərbaycan Ordusunun iradəsi və döyüş ruhu bütün bu maneələrdən daha güclü idi. Səngərlərin, yüksəkliklərin və keçilməz sayılan mövqelər uğrunda gedən ağır döyüşlərdə hər bir əsgərimiz əsl qəhrəmanlıq nümunəsi göstərirdi. Ön cərgədə irəliləyən igidlərdən biri də Zeynal Zülfüqarlı idi.

O, döyüşlərin ən gərgin anlarında belə geri çəkilmək barədə düşünməyərək  son ana qədər silahını yerə qoymadı. Ətrafında mərmilərin partladığı, torpağın alova büründüyü anlarda belə yalnız bir məqsəd - Vətənin azadlığı uğrunda döyüşdü. Təəssüf ki, oktyabrın 20-də Xocavənd istiqamətində gedən qanlı döyüşlər zamanı Zeynal  döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Amma bu, təkcə bir əsgər ömrünün sonu yox, bir qəhrəmanın ömrünün başlanğıcı idi.

Döyüş yoldaşlarının xatirələrində Zeynal daim ön sırada gedən, çətin anlarda belə ruhdan düşməyən, əksinə, ətrafındakılara güc verən bir döyüşçü kimi qaldı. Hər addımında hiss olunan Vətən sevgisi, qorxunu dəf edən qətiyyəti və sona qədər mübarizə aparmaq əzmi Zeynalı fərqləndirən əsas xüsusiyyətlər idi. O, sadəcə döyüşən əsgər yox, həm də ətrafına inam və iradə aşılayan bir qəhrəman idi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında göstərdiyi igidlik və şücaətə görə Prezident İlham Əliyevin sərəncamları ilə Zeynal Zülfüqarlı ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə, eləcə də III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Bu gün Zeynal Zülfüqarlı kimi qəhrəmanların adı artıq xatirələrdə, xalqın yaddaşında, azad edilmiş torpaqların hər qarışında yaşayır. Onların canı bahasına qazanılan Qələbə Azərbaycanın tarixində yeni - qürur, ləyaqət və milli birlik səhifəsi açdı. Zeynal kimi minlərlə igidin göstərdiyi şücaət bizə bir həqiqəti də xatırladır: torpaq yalnız onun uğrunda canından keçənlərin sayəsində Vətən olur. Bu gün azad səmalarda dalğalanan bayrağımız, işğaldan azad olunmuş şəhər və kəndlərimizə qayıdan həyat qəhrəman oğullarımızın bizə əmanətidir. Bu əmanəti qorumaq isə hər birimizin müqəddəs borcudur. 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Избранный
17
azerbaijan-news.az

1Источники