ABŞ-də Ağ Ev administrasiyası əməkdaşlara hökumətin məxfi məlumatlarından şəxsi maliyyə məqsədləri üçün istifadə etməmələri barədə rəsmi xəbərdarlıq edib.
Sitat.info xəbər verir ki, ötən ay əməkdaşların elektron poçtlarına göndərilən bildirişdə proqnoz bazarlarında, o cümlədən “Kalshi” və “Polymarket” kimi platformalarda ticarət zamanı “daxili məlumatlardan” istifadənin etik qaydalara zidd olduğu vurğulanıb.
Xəbərdarlıq 24 mart tarixində, ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna mümkün hücumla bağlı qərarını müvəqqəti dayandırdığını açıqlamasından bir gün sonra edilib.
Ağ Evin sözçüsü Devis İnql bu kimi fəaliyyətlərlə bağlı iddiaların “əsassız və məsuliyyətsiz” olduğunu bildirib. Onun sözlərinə görə, bütün federal işçilər etik qaydalara tabedir və daxili məlumatlardan şəxsi qazanc üçün istifadə qəti şəkildə qadağandır.
Qeyd dək ki, son dövrlərdə proqnoz bazarlarının populyarlığı artıb və illik ticarət həcminin 44 milyard dollara çatdığı bildirilir. Bununla belə, xüsusilə hərbi əməliyyatlar və siyasi hadisələr üzrə mərc imkanları səbəbindən bu platformalar ciddi nəzarət altına düşüb.
Yanvar ayında “Polymarket” platformasında bir istifadəçinin Nikolas Maduronun saxlanılacağı ilə bağlı əvvəlcədən proqnoz verərək, böyük məbləğdə qazanc əldə etməsi mümkün məlumat sızması ilə bağlı şübhələri artırıb.
ABŞ-də bəzi demokrat siyasətçilər müharibə və hərbi əməliyyatlarla bağlı mərc fəaliyyətlərini qadağan edən qanun layihəsi də irəli sürüblər. Senator Endi Kim bu sahədəki boşluqların korrupsiya risklərini artırdığını bildirib.
Eyni zamanda, konqresmen Ritçi Torres Əmtəə Fyuçersləri Ticarət Komissiyasına (CFTC) müraciət edərək, bu platformalarda şübhəli əməliyyatların araşdırılmasını tələb edib.