RU

Tramp NATO-ya güvənmir...

Mark Ruttenin ABŞ lideri ilə qapalı görüşü vəziyyəti dəyişəcəkmi?

İranla müharibə ABŞ-ın Avropa müttəfiqləri ilə münasibətlərində müəyyən soyuqluq yaradıb. Aprelin 8-də ABŞ Prezidenti Donald Trampın Ağ Evdə  NATO-nun Baş katibi Mark Rutte ilə görüşü də Vaşinqtonun İranla müharibə səbəbindən hərbi alyansın üzv dövlətləri ilə münasibətlərinin kəskinləşməsi fonunda keçirilib.

Tramp müttəfiqlərin mövqeyindən məyusdur

Qapalı keçirilən görüşdə ABŞ-NATO münasibətləri, İranla əldə olunan atəşkəs və digər məsələlər müzakirə edilib. Görüşdə Donald Tramp müttəfiqlərin mövqeyindən məyus olduğunu deyib. Bu barədə NATO-nun Baş katibi məlumat verib: “Donald Trampla çox açıq və səmimi söhbətimiz oldu. Trampa əksər Avropa ölkələrinin onu dəstəklədiyini söylədim”. ABŞ Prezidenti isə sosial media hesabında paylaşım edərək yazıb: “NATO ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenidən ehtiyac duysaq da, olmayacaq”.

Xatırladaq ki, İranla müharibənin gedişində Donald Tramp NATO müttəfiqlərini kəskin tənqid edib və ABŞ-ın alyansdan çıxa biləcəyinə dair fikirlər səsləndirib. Lakin bundan əvvəl də  NATO daxilində müəyyən ziddiyyətlər var idi. Tramp ABŞ-da hakimiyyətə qayıtdıqdan sonra üzv ölkələr qarşısında hərbi xərclərin artırılmasını bir tələb kimi qoyub. Bu tələbin səbəbi alyansın xərclərinin böyük hissəsinin ABŞ-ın “çiyinlərində” olması ilə bağlıdır. Bundan sonra bir sıra Avropa ölkələri müdafiə xərclərini artırıblar. Ancaq problem tam həllini tapmayıb. Bunun ardınca, Tramp İranla müharibədə NATO müttəfiqlərinin ABŞ-a dəstək verməməkdə ittiham edir. Məsələn, Parisin ABŞ hərbi təyyarələrinin Fransanın hava məkanı ilə İsrailə uçmasına icazə verməməsi Ağ Ev rəhbərini hiddətləndirmişdi. Tramp özünün “Truth Social” şəbəkəsindəki səhifəsində yazıb: “Fransa hərbi yüklərlə İsrailə yollanan ABŞ təyyarələrinin öz ərazisi üzərindən uçmasına icazə vermədi”. Onun sözlərinə görə, Fransa bu addımları ilə İrana kömək göstərib. D.Tramp ABŞ-ın bunu unutmayacağını da söyləyib. Fransanın xarici işlər naziri Jan-Noel Barro isə ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərinə yönəlmiş təhdidlərinə cavab olaraq bildirib ki, Vaşinqtonun Avropa ölkələrinin hərbi xərclərini artırması ilə bağlı təzyiqləri əslində bir imkandır. Onun fikrincə, bu, NATO daxilində Avropanın rolunun gücləndirilməsi və alyansın daha çox avropalaşdırılması üçün şərait yaradır.

Müttəfiqlər “Hörmüz” koalisiyası üçün Trampa dəstək vermədi

ABŞ-ın Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün koalisiya yaratmaq cəhdləri də nəticə vermədi. Amerikanın tərəfdaşlarının bəziləri koalisiyaya qoşulmaqda tərəddüd edib, bəziləri isə “yox” cavabı verib. Mənbələr bildirib ki, Tramp administrasiyası Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstraliya, Kanada, Körfəz ölkələri və İordaniyanı belə bir ittifaqa daxil etməyə çalışıb. ABŞ eyni təkliflə Yaponiya və Cənubi Koreyaya da müraciət edib. Lakin Almaniya, İtaliya və Yaponiya liderləri bölgəyə dəniz gəmiləri göndərməyi istisna ediblər. Fransa da Vaşinqtona müsbət cavab verməyib. Bundan əvvəl Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina etdiyini açıqlamışdı. Donald Tramp isə NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdən imtina etdikləri təqdirdə “çox pis bir gələcək” ilə üzləşə biləcəkləri barədə xəbərdar edərək, onları Avropanın əsas dəniz dəhlizini yenidən açmaq üçün Amerikanın səylərini dəstəkləməyə çağırmışdı.

Xarici medianın məlumatlarına görə, Avropada artan müqavimət bir neçə səbəbdən qaynaqlanıb: müharibədən əvvəl ABŞ-la kifayət qədər məsləhətləşmələrin aparılmaması, Vaşinqtonun məqsədləri ilə bağlı qeyri-müəyyənlik və Trampın müttəfiqlərə qarşı sərt ritorikası. Avropalı yüksək vəzifəli müdafiə rəsmisinin sözlərinə görə, əsas problem ABŞ-ın hərəkətləri ilə bağlı aydınlığın olmaması və münaqişə başlamazdan əvvəl demək olar ki, heç bir ciddi müzakirələrin aparılmamasıdır. Digər bir rəsmi isə qeyd edib ki, NATO-nun Şərq cinahında yerləşən ölkələr üçün prioritet məsələ öz ərazi müdafiəsinin təmin olunmasıdır.

Ankara sammiti nə vəd edir?

Bütün bunların fonunda alyansın 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan sammitinin əhəmiyyəti İran ətrafındakı gərginlik və sonradan Vaşinqtonun NATO-ya qarşı sərt tənqidləri fonunda daha da artıb. İlin əvvəlində Türkiyə paytaxtında keçirilməsi planlaşdırılmış sammitdə müdafiə imkanlarının gücləndirilməsi və modernləşdirilməsi, kiber və enerji təhlükəsizliyi, vacib infrastrukturun qorunması, transatlantik münasibətlərin gələcəyi və müdafiə xərclərinin bölüşdürülməsi kimi mövzuların müzakirə ediləcəyi gözlənilirdi. Lakin “Epik qəzəb” əməliyyatının başlanması və Ağ Evin NATO müttəfiqlərindən gözlənilən dəstəyi təmin edə bilməməsi sammitin gündəliyini kökündən dəyişdirib. Belə ki, İtaliya bu yaxınlarda ABŞ-ın Siciliyadakı hərbi bazaya təyyarələrin enməsi tələbinə mənfi cavab verib, İspaniya isə müharibə ilə əlaqəli əməliyyatlar üçün öz bazalarından və ya hava məkanından istifadəyə icazə verməkdən imtina edib. Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla digər müttəfiqlər rollarını regional tərəfdaşlara müdafiə dəstəyi ilə məhdudlaşdırır və gərginliyin azaldılmasına çağırırlar.

Şimali Atlantika Alyansının dəstəyinin olmadığını tənqid edən ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonsuz NATO-nu “kağız pələng” adlandırıb və belə bir sual verib: “Əgər onlar bizim tərəfimizdə deyillərsə, biz niyə onların yanında olmalıyıq?”. Təsadüfi deyil ki, bir neçə gün öncə ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun İran müharibəsindən sonra NATO-nun dəyərini yenidən qiymətləndirə biləcəklərini vurğulayıb. O, “FOX News” telekanalına verdiyi müsahibədə qeyd edib: “Bu münaqişə başa çatdıqdan sonra NATO ilə münasibətləri yenidən nəzərdən keçirməli olacağıq. Alyansın ölkəmiz üçün dəyərini yenidən nəzərdən keçirmək lazım gələcək. Nəticə etibarilə, bu, Prezidentin verəcəyi qərardır”. Rubio NATO müttəfiqlərini ABŞ-ın hərbi bazalardan istifadə tələblərini rədd etdiklərinə görə tənqid edərək deyib: “Biz onlardan hava hücumları keçirməyi istəmirik. Onların hərbi bazalarından istifadə etməyə icazə verilməsinə ehtiyac duyduğumuz vaxtda rədd cavabı alırıq. Bəs biz niyə NATO-dayıq?”.

Beləliklə, Ağ Evin mövqeyi hərbi alyansın gələcəyini əhəmiyyətli dərəcədə aktuallaşdırıb və onun yeni fəaliyyət istiqamətləri iyul ayında Türkiyə paytaxtında müəyyən ediləcək. Bu şəraitdə Ruttenin Trampla görüşündə ABŞ liderini alyansın gələcəyi ilə bağlı mənfi yanaşmasından çəkindirməyə çalışdığı şübhə doğurmur.

N.BAYRAMLI

Избранный
9
1
yeniazerbaycan.com

2Источники