RU

KİV: Tramp İran müharibəsinə NATO müttəfiqlərini görə cəzalandırmaq istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası Böyük Britaniyaya bildirib ki, o, digər NATO üzvləri ilə birlikdə yoxlamadan keçəcək və bu auditin nəticələrinə əsasən İranla bağlı müharibə zamanı Amerika liderinin "məyusluğu"na səbəb olan ölkələrə qarşı hansı tədbirlərin görüləcəyi müəyyən ediləcək...

Poliqon The Times-a istinadən xəbər verir ki, Böyük Britaniya və digər NATO müttəfiqləri Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün hərbi dəstəyi artırmaq məsələsində təzyiqlə üzləşir. Yardım göstərməyən ölkələr üçün müəyyən nəticələrin olacağı qeyd olunur.

Məlumata görə, Vaşinqtonun artan təzyiqləri Böyük Britaniyanın baş naziri Kir Starmerin Trampı sərt tənqid etməsi fonunda baş verir. O, yaxın zamanda ABŞ liderinin hərəkətlərinin ev təsərrüfatları və biznes üçün elektrik xərclərinin artmasına səbəb olmasından "bezdiyini" bildirib.

KİV-lər yazır ki, iki ölkə lideri bu yaxınlarda telefon danışığında boğazdan gəmiçiliyin tezliklə bərpası üçün "praktik planın hazırlanmasının zəruriliyini" müzakirə ediblər. Trampın NATO üzvlərini cəzalandırmaq və təşviq etmək planları hələ müzakirə mərhələsindədir. Variantlardan biri ABŞ qoşunlarının kifayət qədər sadiq hesab edilməyən ölkələrdən çıxarılmasıdır ki, bu da həmin ölkələrə həm hərbi, həm də iqtisadi baxımdan zərbə vura bilər.

NATO-nun baş katibi Mark Rütte diplomatlara bildirib ki, sadə siyasi dəstək kifayət etməyəcək. Onun sözlərinə görə, Tramp yaxın günlərdə konkret hərbi öhdəliklər tələb edir və məqsəd Fars körfəzindən müharibədən əvvəlki neft ixracı səviyyəsini bərpa etməkdir. Müzakirələrdə iştirak edən mənbə qeyd edib ki, ABŞ hər bir üzvün hərbi töhfəsini qiymətləndirdikdən sonra kimin "cavab verəcəyinə" qərar verəcək.

Tramp administrasiyası prezidentin Qərb alyansından artan narazılığına reaksiya vermək niyyətindədir. Tramp NATO-nu "kağız pələng" adlandırıb və müttəfiqlərin reaksiyasını "çox məyusedici" kimi qiymətləndirib. O əlavə edib ki, alyans üzvlərini "nəsə başa düşməyə məcbur etməyin yeganə yolu" onlara təzyiq göstərməkdir.

Ağ Ev auditlə bağlı suala ABŞ dövlət katibi Marko Rubionun sözlərinə istinadla cavab verib. Rubio ötən həftə bildirib: "Biz niyə NATO-dayıq? Bu sualı verməlisiniz. Əgər çətin anda bu bazalardan istifadə etməyə imkan verilmirsə, niyə trilyonlarla dollar xərcləyir və regionda bu qədər qüvvə yerləşdiririk?"

Rütte Trampın NATO-nun "sınaqdan keçdiyini və uğursuz olduğunu" deməsindən sonra onunla "çox açıq" danışıqlar apardığını bildirib. O qeyd edib ki, bəzi müttəfiqlər Trampın planlarından əvvəlcədən xəbərdar olmadıqları üçün qərar verməkdə gecikiblər.

"Bu, qismən prezidentin sürpriz effektini qorumaq istəyi ilə bağlı idi, bunu anlayıram. Amma bu, əvvəlcədən məsləhətləşmələrin olmaması demək idi və nəticədə onlar baş verənləri tələsik anlamağa və sonra hərəkətə keçməyə məcbur oldular", deyə Rütte bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı məsələsində liderlik rolunu Böyük Britaniyanın baş naziri Kir Starmer üzərinə götürüb. O, əlavə edib ki, prezident dəniz yollarının mümkün qədər tez açılmasında maraqlıdır.

NATO nümayəndəsi isə bildirib: "Baş katib Vaşinqtondakı müzakirələri ilə bağlı müttəfiqlərlə əlaqə saxlayır. Aydındır ki, ABŞ Hörmüz boğazında gəmiçiliyin azadlığını təmin etmək üçün konkret öhdəliklər və addımlar gözləyir. Ultimatumdan söhbət getmir".

KİV-lərin məlumatına görə, Trampın tədbirləri ilə üzləşmə ehtimalı ən yüksək olan ölkələrdən biri İspaniyadır, Fransanın fəaliyyəti isə qeyri-qənaətbəxş hesab olunur.

Poliqon.info

Избранный
22
1
poliqon.info

2Источники