RU

İranda hakimiyyət bir ilə dəyişə bilər – SENSASİON iddia

Rusiyalı politoloq Abbas Qalyamov atəşkəsdən sonra İranda daxili qarşıdurmanın güclənə biləcəyini iddia edib. Musavat.com bildirir ki, o, atəşkəsdən sonra ölkə daxilində siyasi proseslərin yeni mərhələyə keçdiyi qənaətindədir. Analitikin sözlərinə görə, bu atəşkəs qələbə deyil, daha çox taktiki addımdır və ABŞ prezidenti Donald Tramp üçün həm neft qiymətləri, həm də ictimai rəy baxımından təzyiqləri azaltmağa xidmət edir.

Qalyamov hesab edir ki, müharibə dövründə İran hakimiyyəti səfərbərlik hesabına daha da möhkəmlənib və real güc əsasən İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əlində cəmləşib. Bu isə ölkə daxilində ciddi ziddiyyətlər yaradıb.
Ekspertin fikrincə, prezident Məsud Pezeşkian və bəzi dini dairələr icra hakimiyyətinin geri qaytarılmasını istəyir, lakin SEPAH buna müqavimət göstərir. O vurğulayır ki, atəşkəsdən sonra siyasi “demobilizasiya” başlayır və bu, hakimiyyət daxilində balansın dəyişməsi üçün şərait yaradır: “Əgər mötədil qüvvələr güclü koalisiya qura bilsə, müharibə zamanı mümkün olmayan dəyişikliklər indi reallaşa bilər”.

Rusiya

Qalyamov xüsusilə diqqət çəkən məqamı da qeyd edir: “Siyasi elm göstərir ki, çevriliş üçün ən riskli dövr müharibə zamanı deyil, məhz ondan sonrakı mərhələdir. Statistikaya görə, çevrilişlər adətən müharibədən sonra bir il ərzində baş verir”. Onun fikrincə, hazırda İranda hakimiyyət daxilində parçalanma əlamətləri görünür və müxtəlif qruplar ABŞ-la danışıqları kimin aparmalı olduğu məsələsində belə razılığa gələ bilmir. Politoloqa görə, hazırda ölkədə faktiki olaraq ikihakimiyyətlilik riski yaranır və bu, gələcək siyasi dəyişikliklər üçün zəmin formalaşdırır. Beləliklə, Qalyamovun təhlilinə görə, atəşkəs münaqişəni dayandırsa da, İran daxilində daha mürəkkəb və potensial təhlükəli siyasi proseslərin başlanğıcını qoyur.

Rusiyalı politoloq nə dərəcədə haqlıdır? İranda bir il ərzində, dinc dönəmdə hakimiyyət dəyişikliyi mümkündürmü?

SEPAH-ın

Politoloq Züriyə Qarayevanın Musavat.com-a bildirdiyinə görə, İranda siyasi sistem mürəkkəbdir və son hadisələr də bunu təsdiqlədi. "İslam inqilabından sonra ölkəni ruhanilər idarə edir, rejimi isə inqilab keşikçiləri qoruyurdu. Bu idarəetmə modeli son müharibəyə qədər davam etməkdəydi. Belə demək mümkünsə, siyasi-iqtisadi və hərbi güc hökumətin əlində deyildi. Bu gün də hökumət SEPAH-dan zəifdir. Sadəcə, dəyişiklik ondan ibarətdir ki, din xadimləri idarəetmədən kənarda qalmaqdadır və SEPAH qeyri-məhdud hakimiyyətə yiyələnməkdədir. Bu da hakimiyyət bölgüsündə qarşıdurmanı kəskinləşdirəcək”,_ deyə Z.Qarayeva bildirib.

Onun fikrincə, ölkədə artıq fars-molla rejimi deyil, SEPAH diktaturası təhlükəsi var: “Buna qarşı çıxan qüvvələr olacaq. Onlar kimlərdir - hələ də əlində gücü qalan ruhanilər, islahatçı qanadı təmsil edənlər və hökumət. Hazırda İran siyasi sistemi monolit görünür. Amma aldadıcı mənzərədir. Müharibə instiktiv olaraq hamını birləşdirib. Bir müddət sonra saraydaxili çəkişmələr başlanacaq. Doğrudur, oğul Xamenei ali rəhbər gətirilməklə mərkəzdənqaçma meyllərinin qarşısını almağa çalışıblar. Ancaq Müctəba Xameneinin adı altında bir SEPAH hakimiyyəti qurulur və bu da gec-tez daxildə didişmələrə səbəb olacaq. Məncə, siyasi böhran hələ irəlidədir".

Ekspert bununla belə İranda teokratik sistemin demontajını gözləmir: "Şəriət idarəçiliyi bir müddət davam edəcək. Dünyəvi modelə keçid üçün çağırışlar az eşidilir. Üstəlik, bunun üçün referendum olmalıdır. Bu da olduqca ağır prosesdir və ölkə buna tam hazır deyil. Əgər rejim dəyişikliyi olsaydı, sistemin də yenilənməsi mümkün idi. Bu mənada təkrar edirəm ki, İranın mürəkkəb idarəçilik sistemi və iyerarxiyası var. Hələlik SEPAH ölkəni idarə edəcək və müqavimət göstərənləri əzməyə çalışacaq. Faktiki qeyri-rəsmi xunta rejimi mövcuddur. Yəni Əli Xameneinin qətli belə bir siyasi transformasiyaya səbəb olub".

Emil Salamoğlu
Musavat.com

Избранный
17
musavat.com

1Источники