RU

Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib

Bakı, 10 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) qısa müddət ərzində inkişaf edərək regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib. Bu uğurun əldə olunmasında şəffaflıq, etibarlılıq və elmi əsaslara söykənən yanaşma mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Ölçmə, Seçmə ve Yerleşdirmə Mərkəzinin (ÖSYM) prezidenti Bayram Ali Ersoy DİM-in 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, Azərbaycan ilə əməkdaşlıq 1990-cı illərə dayanır və bu əməkdaşlıq təkcə texniki dəstək deyil, həm də ortaq keyfiyyət anlayışının və peşəkar etimadın formalaşmasına töhfə verib: “ÖSYM yarım əsrdən artıq təcrübəyə malikdir. Burada ali təhsilə qəbuldan dövlət qulluğuna qədər geniş sahələri əhatə edən milyonlarla namizəd üçün etibarlı imtahan sistemləri qurulub. Hazırda bu təcrübə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir, xüsusilə rəqəmsallaşma və dil bacarıqlarının qiymətləndirilməsi istiqamətində yeni yanaşmalar tətbiq olunur. Bu çərçivədə dörd əsas dil bacarığını ölçən yeni nəsil imtahan sistemləri hazırlanıb”.

Müxbirlər - Aysel Azadqızı və Aytac Babayeva
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev
Избранный
23
1
azertag.az

3Источники