RU

Şəki liseyindən ölkə rekordu iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şəki, 10 aprel, AZƏRTAC

Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyinin VI A və VII A sinif şagirdləri Respublika Fənn Müsabiqəsində (RFM) yüksək nəticə göstərərək ölkə rekorduna imza atıblar. Belə ki, hər iki sinfin bütün şagirdləri müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

VI A sinif üzrə 24, VII A sinfi üzrə isə 25 şagirdin hamısı riyaziyyat, informatika və təbiət fənləri üzrə yüksək reytinq toplayaraq, növbəti mərhələyə keçib.

AZƏRTAC-ın bölgə müxbirinin liseydən hazırladığı reportajı təqdim edirik.

Biz liseyə çatanda burada tam sakitlik idi. Dərs otaqlarında müzakirə və gərgin diskussiyaların getdiyini qapı arxasından eşitmək olurdu. Lisey rəhbərliyi bizi qarşıladıqdan sonra rekord nəticə ilə adını tarixə yazdıran VI A sinfinin qarşısına gəlirik. Bir azdan tənəffüs olacaq. İcazə istəyib sinfə daxil oluruq, şagirdlər ayağa qalxıb bizi salamlayır. Sinifdə hamının vahid məktəbli geyimində olması, şagirdlərin səliqə-sahmanı göz oxşayır.

Lisey fəaliyyətə başlayan gündən burada riyaziyyat müəllimi kimi çalışan Rəvanə Məmmədova astadan deyir ki, bu sinfi öz aralarında “tumurcuqlar” adlandırırlar. Çünki tədris ilinin əvvəlindən qəbul olunublar və hər bir şagird öz çalışqanlığı, mübarizliyi ilə seçilir. Bu şagirdlərin 18 nəfəri riyaziyyat fənni, 5 nəfəri informatika fənni, 1-i isə təbiət fənni üzrə Respublika Fənn Müsabiqəsində uğurlu nəticə əldə ediblər. “Düşünürəm ki, növbəti turlarda da şagirdlərimiz uğurlu nəticələr göstərəcək və bizi sevindirəcəklər. Bir vacib məsələni də demək istəyirəm ki, şagirdlərimizin bu uğurlarının arxasında müəllim-valideyn əməkdaşlığı dayanır”, - deyən Rəvanə müəllimdən onu da öyrənirik ki, lisey artıq 6 ildir fəaliyyət göstərir və son 5 ildə Respublika fənn olimpiadalarında ciddi nailiyyətlər əldə edib.

Yüksək nəticə göstərən şagirdlərdən bir neçəsi ilə söhbət edirik. Leyla Həmidzadə bildirir ki, onun riyaziyyata marağı elə ailəsindən qaynaqlanır. Baba və anası riyaziyyat müəllimi olan Leyla müəllimlərinin tövsiyəsi ilə ilk dəfə qatıldığı müsabiqədə özünü sınayıb və uğurlu nəticə əldə edib. Deyir ki, indi o və sinif yoldaşları dərslərdən sonra daha əzm və səylə növbəti tura hazırlaşırlar.

Şagirdlərin hazırlıq prosesi həm əyani, həm də onlayn formatda həftədə bir neçə dəfə keçirilən dərslərlə davam etdirilir. Burada əsas üstünlük ondan ibarətdir ki, hər bir şagird istədiyi fənni sərbəst şəkildə seçə bilir. Ən diqqətçəkən məqam isə bu hazırlıqların müəllimlərin könüllü təşəbbüsü ilə, təmənnasız reallaşdırılmasıdır.

Balaca qəhrəmanların dərs fəallığını izləyəndən, müəllimlərin onlarla ünsiyyət bacarıqlarını müşahidə edəndən sonra sağollaşıb VII A sinfinə yollanırıq. Burada isə şagirdlər İnformatika və Rəqəmsal fənlər dərsini yekunlaşdırmaq üzrədirlər.

Müəllim Sevda Abdullazadədən icazə alıb sinfə daxil oluruq. Arxa sıralardan birində əyləşib dərs prosesini izləyirik. Bu sinifdə də şagirdlərin təcrübəli və çalışqan olduqları dərsin gedişatından bilinir. Sevda müəllim gənc olsa da, pedaqoji təcrübəsi yetərincədir. Bildirir ki, şagirdlərin motivasiyasını yüksək saxlamaq üçün hər imtahan ərəfəsində görüşlər keçirilir, eyni zamanda, intizam qaydalarına əsasən, həvəsləndirici “yaşıl kart” mexanizmi də tətbiq olunur. Yeri gəlmişkən, Sevda müəllim onu da bildirdi ki, İnformatika və Rəqəmsal fənlər artıq müasir texnologiyaların “açarı” hesab olunduğundan bu təhsil ocağının şagirdləri də ilk illərdən fənlərə böyük maraq və sevgi ilə yanaşırlar. Belə ki, üç il əvvəl müsabiqə və olimpiadalara 6-cılardan cəmi 4-5 nəfər qatılırdısa, bu il VI A və VI B siniflərindən təkcə informatika fənni üzrə 15 şagird qeydiyyatdan keçib və hər biri 100 faizlik nəticə göstərib. “Biz dərslərdə şagirdlərimizə sadəcə məsələ tipli tapşırıqlar öyrətmirik, həm də praktiki işlərlə alqoritmik düşüncələrini də inkişaf etdiririk”, - deyən Sevda müəllim qarşıdakı məqsədlərinin yüksək nəticə ilə finala doğru addımlamaq olduğunu söyləyir.

O, şagirdlərini bir-bir təqdim edərək, hər birinin çalışqan olduğunu, öz üzərlərində dayanmadan işlədiklərini qeyd edir. Məsələn, VII A sinif şagirdi Aylin Hüseynli ötən il Respublika Fənn Müsabiqəsinin iştirakçısı olub və ilk dəfə qatıldığı müsabiqədə bürünc medal qazanaraq adını qaliblər sırasına yazdırıb. Aylinlə söhbət zamanı deyir ki, ötənilki təcrübəsi ona bu il daha yaxşı nəticələr qazanmağa kömək edəcək. “İlk növbədə, müəllimlərimizin bizlərə verdiyi motivasiyanı, qayğını qeyd etmək istəyirəm. Yeri gələndə hər birimizin üzərində fərdi qaydada çalışaraq uğurlarımıza gedən yolda bizlərə dəstək olurlar”, - deyən Aylin builki müsabiqədə finala kimi getməyi və qızıl medal hədəflədiyini bildirir.

VII A sinfində şagirdlərin daha bir neçəsi ilə söhbət edərək, onların plan və məqsədləri ilə maraqlanırıq. Hər bir şagird, ilk növbədə, müəllimlərinin onlara valideynləri qədər yaxın olduqlarını, diqqət və qayğı ilə yanaşdıqlarını deyirlər. Şagirdlər əldə etdikləri uğurlu nəticələrin müəllimlərdən qaynaqlandığını bildirir və növbəti mərhələlərdə də belə olacağına inamlarını ifadə edirlər.

Onu da qeyd edək ki, son 5 ildə lisey şagirdlərinin 53-ü Respublika Fənn Olimpiadasında, 49-u Respublika Fənn Müsabiqəsində, ümumilikdə, 102 medal qazanıblar.

Daha bir maraqlı fakt da ondan ibarətdir ki, bu təhsil ocağı Respublika Fənn Olimpiadalarının yarımfinalına keçən şagird sayına görə ölkə üzrə 4-cü yerdə qərarlaşıb.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
1
azertag.az

2Источники