Bir çox hallarda MTK-lar mənzilləri alıcılara vəd etdikləri müddətdə təhvil vermirlər. Bu isə vətəndaşların hüquqlarının pozulmasına və əlavə maddi zərərə səbəb olur.
Mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov Day.Az-a açıqlamasında bildirib ki, vətəndaşlar ilk növbədə MTK-larla bağlanmış müqavilələrdə hüquqi ifadələrə xüsusi diqqət yetirməlidirlər. Onun sözlərinə görə, alıcılar hüquqi terminləri yetərincə bilmədikdə mütləq peşəkar hüquqi yardımdan istifadə etməlidirlər.
Hüquqşünas qeyd edib ki, bəzi hallarda MTK-lar müxtəlif hüquqi terminlərdən istifadə etməklə mənzilin təhvil verilməsi müddətlərini və digər öhdəliklərini faktiki olaraq gizlədirlər. Bu səbəbdən müqavilədə mənzilin təhvil verilmə müddəti, sahəsi və ölçülmə qaydası (içəridən və ya çöldən) dəqiq göstərilməlidir.
R.Süleymanov vurğulayıb ki, MTK müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədikdə vətəndaş məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsini tələb edə bilər:
"Bu zərərə təkcə gecikmə ilə bağlı problemlər deyil, həm də əlavə yaşayış xərcləri, maddi və mənəvi ziyan, eləcə də hüquqların bərpası üçün çəkilən məhkəmə və vəkil xərcləri də daxildir".