RU

“Material qəsdən həqiqi kimi təqdim ediləndə...” - Kamal Cəfərov

Süni intellektə gətirilən məhdudiyyətlərdə məqsəd süni intellektdən istifadə edənləri cəzalandırmaq deyil, şəffaflığı təmin etməkdir.

Musavat.com-un məlumatına görə, bunu deputat Kamal Cəfərov Milli Məclisdəki müzakirələr zamanı deyib.

O bildirib ki, süni intellektdən istifadə etməklə hazırlanan hər bir material avtomatik olaraq qanun pozuntusu hesab edilməməlidir:

“Əgər ortada cinayət tərkibi yoxdursa, belə hallar yalnız inzibati müstəvidə qiymətləndirilməlidir”.

Deputatın sözlərinə görə, əsas məsələ zərərin harada başladığıdır:

“Dezinformasiya məqsədilə, reputasiyaya zərər vurmaq üçün material qəsdən həqiqi kimi və nişansız təqdim ediləndə məsuliyyət yaranır”.

Kamal Cəfərov qeyd edib ki, təklif edilən dəyişikliklərin məqsədi süni intellektdən istifadəni məhdudlaşdırmaq deyil, zərərverici nəticələrin qarşısını almaq və şəffaflığı təmin etməkdir. Onun sözlərinə görə, bu yanaşma artıq sosial şəbəkələrdə də tətbiq olunur:

““Facebook”, “Instagram”, “TikTok” və “YouTube” kimi platformalarda paylaşım zamanı istifadəçidən materialın süni intellektlə hazırlanıb-hazırlanmadığı soruşulur. Bu da eyni prinsipdir”.

Deputat əlavə edib ki, qanunvericilikdə də bu mexanizmin tətbiqi məsuliyyət subyektini daha dəqiq müəyyənləşdirməyə və sui-istifadə hallarının qarşısını almağa xidmət edəcək.

E.Paşasoy,
Musavat.com

Избранный
39
musavat.com

1Источники