RU

Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son vaxtlar sosial şəbəkələrdə özəl ali təhsil müəssisələrinin bir çoxunda pedaqoji ixtisasların ləğv edilməli olduğu təklifi müzakirəyə çıxarılıb.

Qeyd edilir ki, bu addım pedaqoji ixtisasların keyfiyyətini artırmağa, nəticədə müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanlarında daha yüksək nəticələr əldə etməyə imkan verə bilər.

Ümumiyyətlə, son vaxtlar pedaqoji ixtisaslara qəbulun azaldılması ilə bağlı müxtəlif fikirlər səslənir. Əsas səbəb kimi isə göstərilir ki, qəbul planı ilə vakant yerlər arasında kəskin fərq mövcuddur və buna görə də bu ixtisaslar üzrə qəbul sayının azaldılmasına ehtiyac yarana bilər.

Qeyd olunur ki, məktəblərdə şagird sayının əvvəlki illərlə müqayisədə azalması gələcəkdə müəllimə olan tələbatın da azalmasına səbəb ola bilər.

Bildirək ki, bir müddət öncə özəl ali təhsil müəssisələrində tibb, hüquqşünaslıq ixtisaslarının ləğvi nəzərdə tutulmuşdu. Özəl ali təhsil müəssisələrində pedaqoji ixtisasların ləğvi onların fəaliyyətinə ciddi təsir göstərə bilərmi? 

Ümumiyyətlə, bu istiqamətdə addımlar müəllim sayını azaldacaq?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, əslində özəl ali təhsil müəssisələrinin bir çoxunda pedaqoji ixtisasların ləğv edilməsi ilə bağlı təklif düzgün addımdır: 

“Özəl təhsil müəssisələrinin bir çoxunda pedaqoji kadr hazırlığı zəif aparılır. Bəzi özəl təhsil müəssisələrində pedaqoji kadr hazırlığı məhdud sayda var. Pedaqoji ixtisaslar ümumi ixtisasların çox az faizini təşkil edir. Əmək bazarında xeyli ixtisaslar var.

Digər ixtisaslar üzrə özəl ali təhsil müəssisələri fəaliyyətini davam etdirə bilsinlər. Özəl təhsil müəssisələrindən bu ixtisasların alınmasında məqsəd müəllim hazırlığına keyfiyyəti artırmaqdır.

Ümumiyyətlə, keyfiyyətin yüksəldilməsində əsas məsələ ixtisasın hansı universitetdə olması yox, kadr hazırlığının standartları, tədris mühiti və nəzarət mexanizmləridir.

Yəni təris planı zəifdirsə, praktiki dərs mühiti minimumdursa, müəllim heyəti pedaqoji innovasiyalara hazır deyilsə, təbii ki, ixtisasın dövlət və ya özəl universitetdə olmasının fərqi yoxdur.

Guya dövlət universitetlərinin hamısında pedaqoji kadr hazırlığı yüksək səviyyədəmi aparılır? Bu səbəbdən yalnız ləğvetmə mexanizmi deyil, akkreditasiya tələblərini sərtləşdirib və müəllim hazırlığını vahid milli standartlara uyğunlaşdırmaq daha effektiv ola bilər.

Dövlət yalnız güclü akademik bazası olan özəl müəssisələrə pedaqoji ixtisas saxlamağa icazə versə, bu həmin universitetin keyfiyyətli rəqabət mühitinə qoşulmasına səbəb olur. Eləcə də müəyyən qədər bu ixtisasların onlardan  alınmasının təsiri olsa belə, birbaşa bağlanması anlamına gəlmir”. 

Ekspertin sözlərinə görə, hazırkı durumda Azərbaycanda pedaqoji ixtisasları bitirənlərin sayı bazar tələbindən daha çoxdur: 

“Son 1-2 ildə bunun qarşısı alınıb və daha yüksək balla qəbul olmaq üçün plan yerlərinin sayı azaldılıb. Reallığa gəldikdə, müəllimlərin işə qəbulu imtahanında 30-40 faiz keçid faizi göstərir, eləcə də tələbə sayı çoxdur, həm də hazırlıq zəifdir. 

Tələbata gəldikdə, daha çox fənn müəllimləri tapmaq çətindir. Xüsusilə də rus sektorlarında bu hal müşahidə olunur. Fikrimcə, real addımı keyfiyyətə yönəltmək lazımdır. Özəl universitetlərdən pedaqoji ixtisasları ləğv etməklə iş alınmır. 

Burada həm özəl, həm dövlət universitetlərinə sərt akkreditasiya standartları tətbiq etmək lazımdır. Biz açıq şəkildə görməliyik ki, hansı universitetlərin keyfiyyətli kadr hazırlığı var. Əslində bunu elm və təhsil naziri Emin Əmrullayev də dəfələrlə bildirib”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Açar sözlər:

təhsil Rizvan Fikrətoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
cebheinfo.az

2Источники