RU

Qadın və kişilərin maaş bərabərliyinə reaksiya

Milli Məclisin iclasında Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Elçin Mirzəbəyli çıxış edib.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi mahiyyət etibarilə əmək münasibətlərində bərabərlik prinsipinin daha yüksək hüquqi standartlara uyğunlaşdırılmasına xidmət edir:

“Birinci oxunuşun tələblərinə uyğun olaraq qeyd etmək lazımdır ki, layihənin əsas ideyası “eyni işə görə bərabər əməkhaqqı” prinsipindən “bərabər dəyərli işə görə bərabər əməkhaqqı” prinsipinə keçidin təmin edilməsidir. Bu isə yalnız terminoloji dəyişiklik deyil, əmək hüququnun fəlsəfəsində mühüm baxış bucağıdır. Mövcud qanunvericilikdə bərabərlik prinsipi əsasən eyni və ya oxşar işlərlə məhdudlaşdırılır. Lakin müasir əmək bazarında müxtəlif peşələr arasında dəyər fərqlərinin subyektiv qiymətləndirilməsi çox zaman gizli gender bərabərsizliyinə səbəb olur. Təklif olunan dəyişiklik məhz bu boşluğu aradan qaldırmağa yönəlib”.

MİRZEBEY.jpeg

Elçin Mirzəbəyli qeyd edib ki, layihədə Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən əlavə ilə işəgötürənin vəzifələri daha konkretləşdirilir və bərabər əməkhaqqının təmin edilməsi birbaşa hüquqi öhdəlik kimi müəyyən edilir:

“Bu yanaşma normativ çərçivədə deklarativlikdən praktik icra mexanizminə keçid deməkdir. Eyni zamanda 154-cü maddəyə əlavə edilən yeni müddəa xüsusi əhəmiyyət kəsb edir. Burada “bərabər dəyərli iş” anlayışının müəyyənləşdirilməsi üçün meyarlar – əmək şəraiti, əmək funksiyasının xarakteri və tarif-ixtisas göstəriciləri nəzərdə tutulur. Bu, hüquqi tətbiq baxımından vacibdir, çünki normanın icrası üçün ölçülə bilən və obyektiv kriteriyalar təqdim olunur”.

Deputat bildirib ki, bununla yanaşı, layihədə diqqət çəkən məqamlardan biri də işin dəyərinin müəyyən edilməsinin işəgötürənin səlahiyyətinə verilməsidir:

“Bu yanaşma idarəetmə baxımından çevikliyi təmin etsə də, eyni zamanda potensial risklər də yarada bilər. Çünki subyektiv qiymətləndirmə imkanları qalır və bunun normanın effektivliyinə təsir göstərəcəyi ehtimalı var. Bu baxımdan, qənaətimə görə, ikinci oxunuşa qədər bir sıra məqamların dəqiqləşdirilməsi məqsədəuyğun olardı: Əvvəla, “bərabər dəyərli iş” anlayışının müəyyən edilməsi üçün metodologiyanın yalnız işəgötürənin deyil, eyni zamanda müstəqil qiymətləndirmə mexanizmləri və ya dövlət tərəfindən təsdiq olunmuş standartlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa, daha yaxşı olar.

Həmçinin, əməkhaqqı bərabərsizliyi ilə bağlı mübahisələr zamanı sübutetmə yükünün bölgüsü daha aydın şəkildə müəyyən edilməlidir. Xüsusilə də işçinin hüquqlarının qorunması üçün işəgötürənin əsaslandırma öhdəliyi daha da genişləndirilməlidir.

Qeyd etmək vacibdir ki, təqdim olunan dəyişikliklər Azərbaycanın beynəlxalq öhdəliklərinə, xüsusilə Beynəlxalq Əmək Təşkilatının 100 saylı Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğunlaşma baxımından da mühüm addımdır. Bu isə ölkəmizin sosial dövlət modelinin gücləndirilməsi və inklüziv əmək bazarının formalaşdırılması istiqamətində ardıcıl siyasətin tərkib hissəsidir.

Bütövlükdə isə düşünürəm ki, qanun layihəsi konseptual baxımdan düzgün istiqamətdə hazırlanıb və birinci oxunuşda dəstəklənməsi məqsədəuyğundur”.

E.Paşasoy,
Musavat.com

Избранный
11
musavat.com

1Источники