RU

ANAMA-nın İctimai Şurası Ağdam, Xankəndi və Tərtərdə mina təmizləmə işləri ilə yerində tanış olub

8–9 aprel tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şura üzvlərinin iştirakı ilə Ağdam, Xankəndi və Tərtər rayonlarını əhatə edən səfər çərçivəsində mühüm görüşlər və yerində müşahidələr həyata keçirildi.

 

Səfər müddətində ANAMA tərəfindən İctimai Şuraya göstərilən diqqət və dəstək yüksək səviyyədə olmuşdur. ANAMA rəhbərliyinin müşaviri Fikrət Vəliyev, Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov, BAMF sədri, ANAMA İctimai Şurasının sədri və səfərin təşəbbüskarı Umud Mirzəyev Ağdamdakı sahələrdə – əməliyyat nəticəsində minadan təmizlənmiş ərazilərdə bizimlə birlikdə olmuş, görülən işləri yerində izah etmiş və hər mərhələdə dəstək göstərmişlər. Eyni zamanda Xankəndi və Tərtər rayonlarında keçirilən bütün görüşlərdə də ilk andan sonadək iştirak etmişlər.

 

QHT.az xəbər verir ki, Səfərin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə mübarizə sahəsində görülən işlərlə yaxından tanış olmaq, həyata keçirilən əməliyyatların real nəticələrini yerində qiymətləndirmək və ictimai iştirakçılığı daha da gücləndirmək olmuşdur.

 

Ağdam rayonunda sahələrə baxış zamanı həm çəpərlənmiş (təhlükəli), həm də minadan tam təmizlənmiş ərazilər müşahidə edildi. Bu, bir daha göstərdi ki, torpaqlarımız yalnız görünən təhlükədən deyil, həm də yerin altında gizlənən risklərdən azad edilir. Təmizlənmiş sahələrdə olmaq və bu ağır, məsuliyyətli işi həyata keçirən əməkdaşlarla görüşmək hər birimiz üçün qürurverici və təsirli təəssürat yaratdı.

 

Ağdamdakı görüşlərdən sonra Xankəndi şəhərində ANAMA-nın mina axtarışı və təmizləmə fəaliyyəti ilə məşğul olan əməkdaşlarının yerləşdiyi ofisdə görüş keçirildi. Burada əməkdaşlarla birbaşa ünsiyyət quruldu, onların gündəlik fəaliyyəti, qarşılaşdıqları çətinliklər və əldə etdikləri nəticələr barədə məlumat alındı. Bu görüş səfərin ən yadda qalan məqamlarından biri oldu.

 

Daha sonra Qarabağ Universitetində tələbələrlə görüş xüsusi əhəmiyyət kəsb etdi. Görüşdə universitetin prorektoru, məsul şəxslər və professor-müəllim heyəti iştirak etdi. Tələbələrin mövzuya böyük maraq göstərməsi, səmimi müzakirələrdə fəal iştirakı və açıq diskussiyalar tədbirin dəyərini daha da artırdı. Görüş zamanı maarifləndirici materiallar, o cümlədən köynəklər və broşürlər təqdim olundu.

 

Tərtər rayonunda isə bir neçə istiqamətdə görüşlər keçirildi. Tərtər Rayon İcra Hakimiyyətində regional bölmələrlə və təlimçilərlə geniş müzakirələr aparıldı. Eyni zamanda ANAMA-nın yerli ofisində əməliyyatçıların iş və yaşayış şəraiti ilə tanışlıq oldu. Görüşlərdə yerli icra strukturlarının nümayəndələri, o cümlədən icra başçısı da iştirak etdi. Bununla yanaşı, ANAMA-ya yeni qoşulan və gələcəkdə əməliyyat fəaliyyətində iştirak edəcək şəxslərlə də görüşlər keçirildi.

 

Səfərin yüksək səviyyədə təşkilində ANAMA-nın məsul əməkdaşları ilə yanaşı, uzun illərdir – 25 ildən artıqdır mina təmizləmə fəaliyyətinə həyatını həsr etmiş ANAMA İctimai Şurasının sədri Umud Mirzəyevin təşəbbüsü və əməyi xüsusilə təqdirəlayiqdir.

 

Ümumilikdə səfər səmərəli və faydalı keçdi. Bir daha əmin olduq ki, mina təhlükəsi ilə mübarizə yalnız texniki məsələ deyil, eyni zamanda ictimai həmrəylik, maarifləndirmə və insan amilini ön plana çıxaran mühüm bir missiyadır.

 

Bu istiqamətdə görülən işlərə töhfə verən hər kəsə dərin minnətdarlığımız bildirilir.

 

Xatirə Vəliyeva

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının İdarə Heyətinin üzvü, “Xankəndi” MKD İB-nin sədri, ANAMA İctimai Şurasının katibi

Избранный
16
qht.az

1Источники