RU

Litvanın Baş naziri: Azərbaycan regionda aparıcı ölkədir - MÜSAHİBƏ

Bakı, 10 aprel, AZƏRTAC

Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycana rəsmi səfəri çərçivəsində AZƏRTAC-a məxsusi müsahibə verib.

Müsahibədə Baş nazir Azərbaycanla əlaqələrin inkişaf perspektivləri, enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələlərinə toxunub. İnqa Ruqiniene, həmçinin Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanlarına və iki ölkə arasında müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

-Xanım Baş nazir, ilk növbədə, Bakıya səfərinizin məqsədi barədə məlumat verməyinizi xahiş edirik.

-Bu, mənim Avropa İttifaqından kənara ilk beynəlxalq səfərimdir. Baş nazir vəzifəsinə başladıqdan sonra komandamla birlikdə anladıq ki, beynəlxalq əlaqələri daha da gücləndirməliyik. Bildiyiniz kimi, coğrafi və geosiyasi vəziyyət çox dinamikdir, biz də ölkələrimizin hüdudlarından kənarda baş verənləri görürük. Buna görə də bir-birimizlə dostluğu möhkəmləndirmək çox vacibdir. Buraya gəlmək qərarını ona görə verdim ki, bizi 107 illik dostluq tarixi bağlayır. Mən Azərbaycanı bu regionda aparıcı ölkə kimi görürəm. Düşünürəm ki, münasibətlərimizin gücləndirilməsi hər iki ölkə üçün çox önəmlidir.

-Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan ölkə kimi Azərbaycan Litva ilə əlaqələrə ciddi önəm verir. Enerji layihələrinin şaxələndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Azərbaycanın yaşıl enerji ixracatçısı kimi artan rolunu və Xəzər dənizindən Avropaya uzanacaq yaşıl enerji dəhlizini - Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizini Litva özünün enerji təhlükəsizliyi baxımından necə qiymətləndirir?

-Azərbaycanın enerji təchizatı üçün alternativ yollar üzərində işləməsi çox müsbət haldır. Təchizat zəncirləri qəfil dayana bilər və əgər alternativlərimiz yoxdursa, bu, ciddi problemə çevrilər. Buna görə də Azərbaycanın alternativ istiqamətlər yaratmaq üçün fəal çalışması məni çox sevindirir. Geniş təchizat imkanlarının mövcudluğu Avropa İttifaqı üçün də çox vacibdir. Eyni zamanda, məsələ təkcə neft və qazla məhdudlaşmır, həm də bərpaolunan enerji mənbələrini əhatə edir. Litvada biz Günəş, külək kimi alternativ enerji mənbələri sahəsində inkişaf etdirdiyimiz texnologiyaları təqdim edə bilərik. Mən bilirəm ki, Azərbaycan bu sahəyə böyük maraq göstərir və bunun üzərində fəal işləyir. Bu, ortaq ideyalar və əməkdaşlıq üçün real imkanlar yaradır.

-Litva Orta Dəhliz və digər regional logistika marşrutları çərçivəsində Azərbaycanla əməkdaşlığı necə genişləndirməyi planlaşdırır? Məsələn, Klaypeda limanı bu məsələdə hansı rolu oynaya bilər?

-Əlbəttə, Azərbaycan ilə Litva arasında əsas müzakirə mövzusu adətən enerji olur. Lakin bu, əməkdaşlıq edə biləcəyimiz yeganə sahə deyil. Litva müdafiə sahəsinə ciddi şəkildə investisiya yatırır. Biz çox həssas bir regionda yaşayırıq və hər gün müxtəlif təhdidlərlə üzləşirik. Təhlükəsizliyimizi qorumaq üçün daha çox çalışmalıyıq. Buna görə də hökumətimiz müdafiəyə daha çox vəsait ayırmaq qərarına gəlib. Mən bilirəm ki, Azərbaycanın bu sahədə mühüm nailiyyətləri var və burada təcrübələrimizi birləşdirərək bir-birimizi gücləndirə bilərik.

Bu, hamısı deyil. Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Belə ki, Litvada ağartı sənayesi, südçülük təsərrüfatı güclüdür, Azərbaycanda isə kənd təsərrüfatı ümumilikdə çox inkişaf edib. Burada da ortaq məqamlar tapa bilərik. Eləcə də ölkələrimiz arasında təhsil, universitetlər və elm sahələrində artıq yaxşı əlaqələrimiz var, lakin elmi əməkdaşlığı və bilik mübadiləsini genişləndirərək, bunları daha da gücləndirmək mümkündür. Bundan əlavə, Azərbaycan mədəniyyət sahəsinə böyük sərmayə yatırır və biz də eyni istiqamətdə fəaliyyət göstəririk. Bu da əməkdaşlıq üçün başqa bir sahədir.

Müxbir – Pərvanə Qafarova
Fotoqraf – İlqar Cəfərov
Videooperator – Şövqi Əzizov və Ələkbər Baxşiyev
Избранный
26
2
azertag.az

3Источники