RU

® Mərkəzi Gömrük Hospitalında “UpToDate” platformasının təqdimatı olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Aprelin 10-da Mərkəzi Gömrük Hospitalında “UpToDate” - sübutlu təbabətə əsaslanan dünyanın aparıcı rəqəmsal platforması və klinik məlumat resursunun təqdimatı keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov və “UpToDate” platformasının yaradıcısı və təminatçısı olan “Wolters Kluwer” şirkətinin regional nümayəndəsi, tibbi innovasiyalar üzrə ekspert Vildan Kandur Stanio iştirak ediblər.

Görüşdə Vildan Kandur Stanio “UpToDate” platformasının yenilikləri, Ekspert Aİ süni intellekt əlavəsinin üstünlükləri, funksional imkanları və praktik tətbiq sahələri barədə ətraflı məlumat verərək bildirib ki, “UpToDate” sübutlu təbabətə əsaslanan tibbi məlumat bazasına çıxışı təmin etməklə yanaşı, həkimlərə klinik qərarvermə prosesində dəstək göstərir, diaqnostika və müalicə planlarının daha dəqiq və effektiv şəkildə qurulmasına imkan yaradır.

Qeyd olunub ki, yaxın zamanda portalın Ekspert Aİ əlavəsinin Azərbaycandakı istifadəçilər üçün də əlçatan olması planlaşdırılır və bu, yerli səhiyyə mütəxəssislərinin ən müasir tibbi bilik və innovativ həllərə çıxış imkanlarını daha da genişləndirəcək.

Tədbirdə iştirakçılar platformanın praktiki istifadəsi ilə tanış olub, onları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparıblar. Bildirilib ki, bu kimi innovativ texnologiyaların tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına və müasir tibbi yanaşmaların genişləndirilməsinə mühüm töhfə verəcək.

Təqdimat mərasiminin yekununda qeyd olunub ki, “UpToDate” platforması səhiyyədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, tibbi biliklərin əlçatanlığının artırılması və ümumi xidmət keyfiyyətinin yüksəldilməsi baxımından geniş perspektivlərə malikdir. Eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
2
azertag.az

3Источники