RU

Heç bir sifariş yerinə yetirməmişik Baş redaktorla MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Redaktor.az xəbər portalının 7 yaşı tamam olub. 2019-cu il aprelin 10-da yaradılmış saytın baş redaktoru Aqil Aslan Redaktor.az-ın 7 yaşı ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.– Öncə Redaktor.az-ı 7 yaşı münasibətilə təbrik edirik. Saytınız hazırda Azərbaycan media məkanında hansı mövqeyi tutur?

– Təşəkkür edirəm. 7 il media üçün həm qısa, həm də kifayət qədər məsuliyyətli bir zamandır. Bu müddətdə Redaktor.az özünəməxsus oxucu auditoriyası formalaşdırıb və Azərbaycan media məkanında etibarlı, operativ və prinsipial xəbər platformalarından biri kimi mövqeyini möhkəmləndirib. Bizim əsas məqsədimiz hər zaman doğru, dəqiq və balanslı informasiyanı oxucuya çatdırmaq olub və hesab edirəm ki, bu prinsip bizi fərqləndirən əsas amillərdəndir.

– Redaktor.az-ın ötən müddət ərzində əsas uğurları nələr olub?

– Ən böyük uğurumuz oxucuların etimadını qazanmağımızdır. Bu gün Redaktor.az gündəlik xəbər istehsalında operativlik və obyektivlik baxımından seçilən media resurslarından biridir. Müxtəlif sahələr üzrə hazırladığımız analitik materiallar, araşdırmalar, müsahibələr, açıqlamalar oxucularımız tərəfindən maraqla qarşılanır. Bəzən saytda qaldırdığımız problemlər öz həllini tapdıqda, bunu da uğur kimi qiymətləndiririk. Hazırkı komandamız əsasən gənclərdən ibarətdir. Ancaq onlar işlərinin öhdəsindən layiqincə gəlirlər. Bu da məni sevindirir.

– Sayt rəhbəri kimi fəaliyyətiniz dövründə qarşılaşdığınız əsas çətinliklər hansılar olub? Bu çətinlikləri necə aşmısınız?

– Redaktor.az-da 2021-ci ildən fəaliyyət göstərirəm. 5 ildir baş redaktor da daxil hamımız gecə-gündüz demədən saytın inkişafı, daha çox oxucu auditoriyası qazanması üçün komandamızla birgə əlimizdən gələni etməyə çalışmışıq. Qeyd edim ki, 1999-cu ildən mətbuatdayam, 20 il “Ekspress” qəzetində çalışmışam, Modern.az kimi nüfuzlu bir saytda işləmişəm. Yəni bəzən təcrübə öz sözünü deyir, çətinlikləri aşmaq asan olur.

Amma bilirsiniz ki, mətbuat sahəsi daim dəyişən və həssas sahədir. Bu illər ərzində həm informasiya axınının sürətlənməsi, həm də rəqabətin artması müəyyən çətinliklər də yaradıb. Bəzən yanlış informasiyaların yayılması fonunda obyektivliyi qorumaq daha çətin olur. Digər tərəfdən, iqtisadi və texnoloji çağırışlar da medianın qarşısında duran əsas problemlərdəndir. Biz bu çətinlikləri peşəkar yanaşma, prinsipial mövqe və komandadaxili koordinasiya ilə aşmağa çalışmışıq. Ən vacibi isə heç bir sifariş yerinə yetirmədən, kiminsə şərəf və ləyaqətinə toxunmadan fəaliyyət göstərmək prinsipimizdən kənara çıxmamışıq.

– Redaktor.az-ı digər xəbər portallarından fərqləndirən əsas xüsusiyyətlər nələrdir?

– Belə deyək, biz informasiyanı təqdim edərkən sensasiyaya yox, faktlara üstünlük veririk. Oxucuya təsir etmək yox, onu düzgün məlumatlandırmaq bizim əsas prinsipimizdir. Bundan əlavə, analitik yanaşma və müxtəlif baxış bucaqlarına yer verməyimiz də Redaktor.az-ın üstün cəhətlərindəndir.

– Sizcə, hazırda mətbuat sahəsindəki hansı məsələlərin həlli vacibdir?– Bu gün media sahəsində ən vacib məsələlərdən biri informasiyanın doğruluğunun qorunmasıdır. Dezinformasiyanın qarşısının alınması, jurnalist etikası və peşəkarlığın artırılması prioritet olmalıdır. Yeri gəlmişkən, universitetlərin Jurnalistika fakültələri də öz üzərlərinə düşən vəzifəni yerinə yetirməli, ixtisasından xəbərdar olan məzun buraxımalıdırlar. Təəssüf ki, 4 il bu sahədə ali təhsil alıb, lakin işə hazır olmayan jurnalistlərimiz var.

Fikrimcə, media yalnız sürətli deyil, həm də məsuliyyətli olmalıdır. Sosial şəbəkələrin, süni intellekt texnologiyalarının geniş yayıldığı bir zamanda dezinformasiyalar həddən artıq çoxalıb. Ona görə də media savadlılığı çox önəmli məsələlərdən biridir. Yeri gəlmişkən, həmişə gənc əməkdaşlarımıza deyirəm ki, indiki dövrdə jurnalist gərək hər bir informasiyaya şübhə ilə baxsın. Belə olarsa, dezinformasiya da olmaz.

– Saytın gələcək planları barədə soruşmaq istərdik: oxucularınızı hansı yeniliklər və layihələr gözləyir?

– Qarşıdakı dövrdə Redaktor.az-ın həm texnoloji, həm də məzmun baxımından inkişafını davam etdirməyi planlaşdırırıq. Yeni rubrikaların yaradılmasını düşünürük. Eyni zamanda, videoreportajlar, videomüsahibələr hazırlamaq da planlarımızda var. Əslində, bunlar iki il əvvələ kimi gördüyümüz işlərdən biri idi. Ancaq maliyyə səbəbindən dayandırmışdıq. İndi isə görürük ki, zamanla ayaqlaşmaq lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
modern.az

1Источники