RU

"Koçaryanın qayıdışı sülh prosesini riskə ata bilər" – Şəhla Cəlilzadə

"Ermənistanda iyunda baş tutacaq seçkilər sadəcə ölkənin daxili siyasi vəziyyətini deyil, həm də regionun sülh və sabitliyini müəyyən edə bilər. Belə ki, Paşinyanın əsas rəqibləri olan Samvel Karapetyan və Robert Koçaryan – hər ikisi Rusiyaya yaxın siyasi fiqurlar hesab olunur. Onlar seçicilərə ötürmək istədikləri mesajlarda əsas vurğunu Rusiya ilə münasibətlərin qorunmasına yönəltməklə yanaşı, Azərbaycanla sülh prosesinə birbaşa və dolayı təsir göstərə biləcək çağırışlar da səsləndirirlər. Məsələn, Koçaryan Azərbaycan ilə nəqliyyat-logistika əməkdaşlığı əvəzinə Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya ərazisindən keçə biləcək dəhlizə fokuslanmağa çağırır. Başqa sözlə, onun seçilməsi Zəngəzur dəhlizi və TRIPP layihəsini, eləcə də Ermənistanın ABŞ-la planlaşdırdığı bir neçə milyard dollarlıq layihələrin ləğvini ehtiva edə bilər. Halbuki, Abxaziyadan keçəcək dəhlizin Ermənistana uzanmasına, birincisi, Gürcüstanın razılıq verəcəyi inandırıcı görünmür, ikincisi isə bu marşrutun gələcəkdə İranadək uzadılması üçün (Şimal-Cənub dəhlizi kimi) Azərbaycandan və Naxçıvandan keçidə Azərbaycanın razılıq verməsi real deyil".

Bu fikirləri Aznew.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ermənistanda parlament seçkilərinə iki aydan az vaxt qalıb. Vaxt daraldıqca siyasi gərginlik artır, tərəflər bir-birinə qarşı daha sərt və təhqiramiz ifadələr işlədir. İyunun 7-nə planlaşdırılan seçkilərdə Nikol Paşinyanın əsas rəqibləri Robert Koçaryan, Samvel Karapetyan və Qaqik Sarukyandır. Koçaryan kampaniyasını əsasən Paşinyana qarşı hücumlar üzərində qurub. Müharibə tərəfdarı kimi tanınan Koçaryanın son açıqlaması Paşinyanın narazılığına səbəb olub. O, Ermənistanın böyük diasporunu vurğulayaraq ölkənin 29.743 kvadrat kilometrlə məhdudlaşmasını tənqid edib. Paşinyan isə buna cavab olaraq onun müharibə ritorikası apardığını bildirib. Qarabağ münaqişəsi ilə siyasi səhnəyə çıxan Koçaryandan fərqli mövqe gözlənilmir.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan Koçaryanın yanaşması faktiki olaraq yeni işğal siyasətinin üstüörtülü təqdimatı kimi dəyərləndirilə bilər.

Избранный
18
aznews.az

1Источники