RU

Fermerlərin qorxduğu baş verdi: Bahalaşma qaçılmazdır

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son həftələrdə ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti və fasiləsiz yağışlar aqrar sektorda birmənalı qarşılanmır. Yağıntıların paylanma coğrafiyası və intensivliyi fərqli olduğundan bəzi rayonlarda bu vəziyyət su ehtiyatlarının artması baxımından müsbət qiymətləndirilsə də, əksər bölgələrdə ciddi fəsadlar üzə çıxmağa başlayıb. Torpağın həddindən artıq rütubətlənməsi bitkilərin kök sisteminə zərər verir və vegetasiya dövründə olan məhsulların inkişafını ləngidir.Taxıl zəmiləri və meyvə bağları hazırda ən riskli sahələr hesab olunur. Suyun tarlalarda ləngiməsi nəticəsində yaranan gölməçələr bitkilərdə göbələk xəstəliklərinin yayılmasına və məhsulun çürüməsinə şərait yaradır. Bu durum təkcə kəmiyyətə deyil, həm də məhsulun keyfiyyət göstəricilərinə mənfi təsir edir. Xüsusilə meyvə ağaclarının çiçəkləmə və ya bar vermə mərhələsində yağan güclü yağışlar məhsuldarlığı bir neçə dəfə azalda bilər.Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, yağıntılar hər bölgəyə fərqli təsir göstərib.“Bəzi bölgələrdə yağıntının olması çox yaxşıdır. Buna xüsusilə də suvarma problemi olan ərazilər daxildir. Lakin bəzi yerlərdə həddindən artıq yağıntı kənd təsərrüfatına ciddi ziyan vurur. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin sığorta proqramı mövcuddur. Bəzi fermerlər bu proqrama qoşulsalar da, hamının iştirak etdiyini demək mümkün deyil. Nəticədə, onlara dəyən ziyan bir çox hallarda ödənilmir. Yağıntının məhsuldarlığa mənfi təsir göstərə biləcəyi bölgələr də var. Məhsuldarlıq azaldıqca isə yay aylarında kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə oluna bilər”.Təbiət hadisələrinin yaratdığı bu mənzərə aqrar sığortanın əhəmiyyətini yenidən gündəmə gətirir. Hazırda sığorta sistemindən kənarda qalan fermerlər təbii fəlakət qarşısında daha müdafiəsiz vəziyyətdədirlər. Zərər çəkən təsərrüfatların itkiləri kompensasiya olunmadıqda bu, fermerin növbəti mövsümdə əkin işlərinə marağını və maliyyə imkanlarını azaldır.Proseslərin belə davam etməsi istehlak bazarına da təsirsiz ötüşməyəcək. Məhsul qıtlığı yaranacağı təqdirdə yay aylarında meyvə və tərəvəzin pərakəndə satış qiymətlərində artım qaçılmaz görünür. Təklif azaldıqca alıcılıq qabiliyyətinə təsir edən qiymət sıçrayışları qeydə alına bilər.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
demokrat.az

1Источники