RU

ADPU ilə Ərdəhan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ərdəhan Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Ərdəhan Universitetinin rektoru professor Öztürk Emiroğlu, Xarici əlaqələr üzrə koordinator Doğan Saltaş, Xüsusi katiblik müdiri Fərhad Uzunqaya, Beynəlxalq tələbələr üzrə koordinator Nurgül Moldaliyeva, eləcə də Mirzə Polad və Volkan Özxan iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Əməkdaşlığın əsas məqsədi təhsil və elmi sahədə birgə layihələrin həyata keçirilməsi, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi və tədris metodikalarının müasir tələblərə uyğunlaşdırılmasıdır.

Müzakirələrdə Orhun mübadiləsi proqramının icrasına da toxunulub. Qeyd edilib ki, proqram çərçivəsində universitetlər arasında mədəniyyətlərarası əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində işlər aparılacaq, tələbələr və müəllimlər arasında mütəmadi olaraq görüşlər təşkil ediləcək, elmi tədqiqatlar və mədəni fəaliyyətlər birgə reallaşdırılacaq. Eyni zamanda, ADPU-nun Türkoloji Mərkəzinin Ərdəhan Universiteti ilə əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsi qərara alınıb.

Görüşün nəticəsi olaraq, iki universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, Ərdəhan Universitetinin nəzdində 7 fakültə, 2 institut və 4 peşə məktəbi mövcuddur.

Избранный
35
azertag.az

1Источники