İki nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində təqsirləndirilən tələbə Məhəmməd Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, müttəhim 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Mingəçevir şəhərində baş verib.
Təqsirləndirilən şəxs - Mingəçevir sakini, 2004-cü il təvəllüdlü tələbə Məhəmməd boş vaxtlarında özünə məxsus VAZ-2107 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. O, hadisə günü gecə saatlarında sifariş arxasınca gedərkən yol-hərəkəti qaydalarını pozaraq qəfil yolun əks istiqamətinə çıxıb və Bakıdan Mingəçevirə sərnişin daşıyan "Mercedes-Vito" markalı nəqliyyat vasitəsilə toqquşub, mikroavtobus aşıb. Hadisə nəticəsində "Mercedes-Vito"nun sərnişini - Mingəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva və onun 4 yaşlı oğlu Adəm Nəbiyev aldıqları xəsarətdən dünyasını dəyişiblər. Qəza zamanı mikroavtobusda olan digər 6 nəfər - 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev və 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva xəsarət alıblar.
Oxu.az