RU

Lautaro Martines yenə sıradan çıxdı – ARENA.AZ

İtaliyanın “İnter” komandasının kapitanı Lautaro Martines zədə səbəbindən yenə bir müddət yaşıl meydanlardan uzaq qala bilər.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 28 yaşlı argentinalı hücumçu sol baldır əzələsindən xəsarət alıb. Onun bərpa müddəti hələlik dəqiqləşdirilməyib və vəziyyəti yaxın günlərdə yenidən qiymətləndiriləcək.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 36 oyuna çıxıb, 20 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 371 oyun, 173 qol, 54 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 75 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
15
5
arena.az

10Источники