Yaş artdıqca fiziki aktivliyə başlamaq çətinləşsə də, mütəxəssislər sağlam qalmaq üçün hərəkətin vacibliyini vurğulayır.
Day.Az xəbər verir ki, Harvard Universiteti tərəfindən paylaşılan tövsiyələrə görə, 60 yaşdan yuxarı insanlar üçün ən ideal və təhlükəsiz məşqlərdən biri sadə yürüş hesab olunur.
Araşdırmalara əsasən, həftədə 5 gün, gündə ən azı 30 dəqiqə yürüş etmək yaddaşı gücləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır və stressi azaldır. Mütəxəssislər bildirir ki, açıq havada - parkda və ya təbiətdə edilən yürüşlər zamanı insan müxtəlif duyğu stimulları alır ki, bu da beyin fəaliyyətinə müsbət təsir göstərir.
Eyni zamanda, tədqiqatlar göstərir ki, müntəzəm yürüş yüngül koqnitiv pozuntuların qarşısını almağa kömək edir və Alzheimer kimi xəstəliklərin riskini azalda bilər. Alimlərin fikrincə, fiziki cəhətdən daha aktiv olan insanlarda yaddaş və öyrənmə ilə bağlı beyin bölgələrində zəifləmə daha az müşahidə olunur.