RU

Şənbə üçün nəzm

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Mən indi anladım, hər bir adamın,

Ən az özü boyda ağrısı varmış.

Gecə işıq gələn pəncərələrin,

Hərəsi bir dərdi pıçıldayarmış.

Bir işıq boğulur göz yaşlarında,

O sönməz, həsrətlə yanırsa hər gün.

Bir işıq yarasın yuyub bağlayır,

Bir işıq darıxır anası üçün.

Bir işıq nə vaxtsa bir günah edib,

Vicdanı sızlayır illər uzunu.

Bir işıq yadından çıxara bilmir,

Uşaqlar evində qalan qızını.

Bir işıq ərinin zərbələrindən,

Qaçmaq istəyir ki yara almasın.

Bir işıq bətnində ölən körpənin,

Qanını yuyur ki görən olmasın.

İşıq var yağışa boylanıb baxır,

İllərin ən uzaq fəsillərindən.

İşıq var gözünün yaşını silir,

Ölən atasının şəkillərindən.

Bir işıq həyatda tək qalıb yanır,

Başqa bir işıqdan təsəlli gəlmir.

Paltarı ütüsüz gəzən adamlar,

Gecələr işığı söndürə bilmir.

Bir işıq qorxudu, bir işıq ümid,

Bir işıq həsrətdi, bir işıq kədər.

Hər işıq taleyi önündə quldu,

Sürünür yanandan sönənə qədər.

***

Unutmaq asan deyil,

Məni unutmaq üçün gərək

bir də sevəsən,

Gərək bir də ayrılıb,

Bir də nifrət edəsən,

Gərək bir də gedəsən.

İnanma ki bu boyda eşqin xatirəsini

Adi bir gediş silə.

Mən yadından çıxmaram

Alzeymer olsan belə.

Ayrılıq getmək deyil, ayrılıq ayrılıqdı,

Ayrılanda haçansa geri qayıtmaq üçün bir ümid bəsləyərsən.

Getmə,

Gedəsi olsan, bütün günahlarımı

bağışlayıb gedərsən.

Xırda ağrını belə mənə

qıymayan gülüm,

Getsən, şəkillərimi tikə-tikə eləyib

çamadana yığarsan.

Yolüstü tullayarsan hamısını dənizə,

Məni öz əllərinlə

Yavaş-yavaş öldürüb,

Şəkil-şəkil boğarsan.

Adam bir vaxt sevdiyi adamı nə etsə də birdən unuda bilməz.

Yavaş-yavaş unudar,

Aram-aram unudar.

Nə qədər söyləsə də “unutmaram”

unudar!

Desələr Alzeymersən,

İnanardım bəlkə də.

Fərqi yox,

Bilsəydim lap sözlərində yalan var.

Amma , gözümün nuru,

Məni unutduğuna

İnandıra bilmədi göndərdiyin adamlar.

***

Ay ölünü sevən qız, bilirəm,

çoxdu dərdin,

Sevgilinin ölməyi elə-belə dərd deyil.

Amma adam öyrəşir, sən də öyrəş,

birdənəm,

Üstündən az keçməyib,

az deyil beş-altı il.

Adamlar belədir də, incitdiyi adamı

Həmişəlik itirib yollarına baxarlar.

Ağlamağına ağla, amma,

qurban olduğum,

Ölünü sevməzləre, ölüyçün darıxarlar.

Görünən mənəm,

sənsə ancaq onu görürsən,

Adam hüznün önündə

aciz qalmasın gərək.

Kaş bir gün mən də ölsəm,

ovucunun içindən,

Mən də süzülüb getsəm

məzarlıq torpağıtək.

Gözünü çək bu yoldan,

səni sevənləri gör,

Qayıdıb gəlməyəcək,

nə ümid bəsləyirsən?

Əcəb yaxşı bilinir ölənlərin qiyməti,

Məni sevəsən deyə

mən də ölüm deyirsən?

Boğazıma yığılır qısqanclığın əzabı,

İçimdən parça-parça parçalanıb

gülürəm.

Bax indi necə deyim necə darıxdığımı?

Sən ölünü sevirsən,

mən səninçün ölürəm.

***

Bəlkə də sondur bu gün,

Görüşünə gəlmişəm,

Ayrılsaq söymə məni,

Elə bil ki ölmüşəm.

Göz yaşı təsir etməz,

Ayrılığın qəlbi yox.

Gəlsən çox yaxşı olar,

Gəlməsən də eybi yox.

Yadıma düşəcəksən

Darıxmaq güc gələndə.

Susamış navalçalar

Payızı gözləyəndə.

Bilirəm çox çətindi

Yoxluğuna alışmaq.

Adamı əldən salır

Unutmağa çalışmaq.

Qapı-qapı gəzərsən,

Təsəlli axtararsan:

“Yanımda olmasan da

Əsas odur ki varsan.”

Gülürəm öz səhvimə,

Budur məni güldürən.

Mən uşaqlıq səhvimi

Böyüyüb düzəldirəm.

Özüm də bilmirəm ki

Buna səbəb kim oldu.

Mənim səhvim sən deyil,

Səni sevməyim oldu.

Ya da ki sevməməyim.

Sevməmişəm sən demə.

Etiraf edirəm: mən

Bağlanmıram heç kimə.

Necə fikirləşirsən,

Yalvaracam bu yaşda?

Səndən üzr istəmirəm,

Sən yenə də bağışla.

Ümid Abbas Nihani

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
yeniazerbaycan.com

2Источники