RU

Dünyanın 10 universitetindən qəbul aldı, birini seçdi - “Elə sevindim ki, anam təşvişə düşdü”

Ötən gün Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 6 nəfər 11-ci sinif şagirdi dünya üzrə reytinq cədvəlində ilk yerlərdə olan nüfuzlu universitetlərə qəbul olublar.

Qəbul olunanlardan biri də Tunar Məmmədovdur.

O, ABŞ-nin Kaliforniya ştatındakı University of California, Berkeley universitetinə qəbul olub.

AzEdu.az bu münasibətlə Tunarla həmsöhbət olub.

O qeyd edib ki, daha əvvəl qısamüddətli proqramlar çərçivəsində üç dəfə xaricdə olub:

“Hazırda Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinfində təhsil alıram. Ümumilikdə ABŞ, Çin, Avropa ölkələri və Kanada daxil olmaqla 10 universitetdən qəbul almışam. Eyni zamanda 3 universitetdə gözləmə siyahısındayam. Qəbul aldığım universitetlər arasında əsas seçimim University of California, Berkeley-dir. Bu universitet tərəfindən mənə təqaüd ayrılmayıb, lakin dövlət proqramına müraciət etməyi düşünürəm.

İmtahan prosesi ilə bağlı qeyd edim ki, xarici universitetlər yalnız imtahan nəticələrinə əsaslanmır. Onlar abituriyentin ümumi profilini, akademik göstəricilərini, fəaliyyətlərini və digər nailiyyətlərini birlikdə qiymətləndirirlər. Qəbul prosesində dərsdənkənar fəaliyyətlər və esselər də çox önəmlidir”. 

Dərsdənkənar fəaliyyətlərim də kifayət qədər geniş olub

“Məktəb qiymətlərim əsasən yüksək olub. Əksər hallarda 5 almışam. IELTS imtahanından 7.5, SAT imtahanından isə 1400 bal toplamışam: 800 bal riyaziyyat, 630 bal isə verbal hissədən.

Dərsdənkənar fəaliyyətlərim də kifayət qədər geniş olub. Məktəbdən kənar vaxtlarda layihələr üzərində çalışmışam, startap fəaliyyətlərində iştirak etmişəm, məktəb klublarında aktiv olmuşam və müxtəlif təşəbbüslərdə yer almışam. Bu fəaliyyətlər qəbul prosesində mühüm rol oynayır.

Eyni zamanda universitetlərin verdiyi suallara uyğun yazılan esselər abituriyentin fərdi xüsusiyyətlərini göstərmək baxımından böyük əhəmiyyət daşıyır.

Bundan əvvəl qısamüddətli proqramlar çərçivəsində üç dəfə xaricdə olmuşam. Bu səfərlərdən biri Estoniyada startaplarla bağlı proqram idi. Daha sonra Almaniyada “State Money” proqramı çərçivəsində qrant qazanaraq iştirak etmişəm. Həmçinin University of Pennsylvania-nın iki həftəlik yay məktəbində iştirak etmişəm. Bu təcrübələr beynəlxalq mühiti tanımaq və fərqli yanaşmaları öyrənmək baxımından çox faydalı olub.

Bu səfərlər zamanı müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyətdə olmuşam, fərqli mədəniyyətləri və düşüncə tərzlərini yaxından tanımışam. Bu da gələcəkdə xaricdə təhsil almağa daha hazır olmağıma kömək edib.

Artıq 7-ci sinifdən etibarən təhsilim üçün Bakıda ailəmdən uzaqda yaşayıram. Ailəm Şəkidə yaşayır. Bu səbəbdən ailədən uzaq qalmaq təcrübəm var və düşünürəm ki, xaricdə təhsil alarkən bu mövzuda ciddi çətinlik yaşamayacağam”.

Gələcək də xaricdə yaşamağı düşünürəm

“Ən çox istədiyim universitetlərdən biri məhz University of California, Berkeley idi və çox xoşbəxtəm ki, qəbul olmuşam. Universitet Silicon Valley-yə çox yaxın yerləşir. Bu da layihələrimi və startap fəaliyyətlərimi davam etdirmək üçün böyük imkanlar yaradır.

Oradakı innovasiya mühiti və professorlarla qurulacaq əlaqələr (networking) gələcək karyeram üçün böyük əhəmiyyət daşıyır.

Hədəflədiyim universitetlər arasında Stanford University, Columbia University və University of Chicago da var idi. Bu universitetləri seçməyimin əsas səbəblərindən biri onların dünya reytinqlərində yüksək yerlərdə olması və geniş imkanlar təqdim etməsidir.

Gələcək planlarımda bakalavr təhsilimi bitirdikdən sonra yenidən bu səviyyədə universitetlərdən birində təhsilimi davam etdirmək var. Xüsusilə MBA üzrə oxumağı planlaşdırıram və gələcəkdə xaricdə yaşamağı düşünürəm”.

Kaliforniyada yaşayan bəzi azərbaycanlı tələbələrlə əlaqə qurmuşam

“Qəbul olduğum universiteti və ölkəni əvvəlcədən araşdırmışam. Hətta Kaliforniyada yaşayan bəzi azərbaycanlı tələbələrlə də əlaqə qurmuşam. Universitetin yerləşdiyi mühit sakit və təhlükəsizdir.

Xaricdə təhsil almaq istəyim isə çox erkən yaşlardan formalaşıb. Təxminən 3-cü sinifdə Harvard University haqqında bir video izlədikdən sonra bu məqsəd məndə formalaşdı.

Əgər xaricdə təhsil almaq alınmasaydı, Azərbaycanda ADA Universitetində oxumaq istəyərdim”.

Balaca qardaşımın da gələcəkdə xaricdə təhsil almasını istəyirəm:

“8 yaşında qardaşım var və onun da gələcəkdə xaricdə təhsil almasını istəyirəm. Bu istiqamətdə ona dəstək olmağa hazıram.

Gənclər arasında xaricdə təhsil ilə bağlı narahatlıqlardan biri də uyğunlaşma və ünsiyyətdir. Mən də bunu düşünürdüm, amma əvvəlki təcrübələrim göstərdi ki, insan zamanla uyğunlaşır.

Xaricə getməzdən əvvəl ingilis dilini, xüsusilə danışıq bacarığını inkişaf etdirmək çox vacibdir. Sosial şəbəkələr də bu prosesdə kömək edir. Məsələn, mən University of California, Berkeley ilə bağlı WhatsApp qruplarına qoşulmuşam və artıq bir çox tələbə ilə əlaqə qurmuşam”.

Qəbul xəbərini aldıqda aldıqda o qədər sevindim ki, anam elə bildi mənə nəisə olub

“Qəbul xəbərini aldığım an çox həyəcanlandım. Hətta o qədər sevindim ki, yerə uzanıb sevincimi yaşayırdım. Anam isə əvvəlcə elə bildi ki, mənə nəsə olub.

Liseyimizin 6 nəfər şagirdinin nüfuzlu universitetlərə qəbul alması böyük uğurdur. Onlardan 5-i mənim yaxın dostumdur. Müəllimlərimizin və lisey rəhbərliyinin dəstəyi bu nəticədə böyük rol oynayıb.

Bəzən insan ruhdan düşə bilər, amma belə hallarda ailə və dost dəstəyi, qısa istirahət və məqsədi xatırlamaq kömək edir. Əsas odur ki, dayanmamaq lazımdır.

Cəmiyyətdə belə bir fikir var ki, universitetə qəbul yalnız imtahan nəticələrinə əsaslanır. Amma bu, hər zaman belə deyil. Xüsusilə ABŞ universitetlərində dərsdənkənar fəaliyyətlər də çox önəmlidir.

Akademik göstəricilər ilkin mərhələdə vacibdir, lakin sonrakı mərhələdə fəaliyyətlər və esselər daha böyük rol oynayır.

Müraciət prosesinə erkən başlamaq çox vacibdir. 8-10-cu sinif şagirdlərinə tövsiyə edərdim ki, əvvəlcədən plan qurmağa başlasınlar. Bu, həm stressi azaldır, həm də daha güclü müraciət hazırlamağa kömək edir”.

Избранный
34
azedu.az

1Источники