RU

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Zaqatalalı arıçılar ötən ilki xəstəlikləri aradan qaldırır. Lakin xaricdən gətirilən arı ailələrinin daha təhlükəli viruslar yaydığından ciddi narahatdılar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son günlər kütləvi informasiya vasitələri, eləcə də sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlər sırasında ölkədə arıçılığın son vəziyyəti və xaricdən gətirilən arı aiələləri sırasında xəstəliklərin mövcudluğu barədədir.

Təsadüfi deyil ki, ölkəmizin Şimal-Qərb bölgəsində o cümlədən də Zaqatala rayonunda da arıçıların qayğıları az deyil.

Ötən ilin payızından başlayan xəstəliklər bu rayonlarda da xeyli arı ailəsinin tələf olması ilə nəticələnsə də, yerli arıçıların təcrübəsi və səyi nəticəsində bu problem tədricən aradan qalxmaq üzrədir.

Lakin arıçılar son vaxtlar xaricdən gətirilən arı aiələlərində də xəstəliklərin olmasından ciddi narahatdırlar.

Arı xəstəliklərinin geniş yayılması hallarına Zaqatala rayonunda da təsadüf edilir. Rayonda ən çox arıçılıqla məşğul olan yaşayış məntəqələrindən biri Dağlı kəndidir. Burada 80 ailənin əsas gəlir mənbəyi arıçılıqdandir. Həmçinin xeyli ailələr var ki, ancaq özləri üçün arı saxlayırlar.

Ötən payız aylarından etibarən bu kənddə də arı ailələrinin tələf olması arıçılara ciddi maddi zərər vurub.

İndi Dağlı kəndində arıçıların həyətlərində yüzlərlə belə boş yeşiklərə rast gəlmək mümkündür.

Kənd təsərrüfatı mütəxəssisi, arıçı-genetik Məmmədnəbi Qurbanovun da təsərrüfatında xəstəliklər müşahidə olunsa da, o təcrübəsi və apardığı müşahidələr nəticəsində problemdən tez bir vaxtda yaxa qurtara bilib.

Təcrübəli arıçı baş verən xəstəlikdən sonra onun fəsadlarının aradan qaldırılması yolları ilə maraqlandıqlarını deyib:

“33 ildir arıçılıqla məşğul oluram. Bu müddətdə bizdə arıçılıq çox güclü inkişaf edib və heç bir parazitlər, xəstəliklər bizə əziyyət verməyib. Lakin son bir ildə qıraqdan gələn arılar, yaxud sosial layihələrlə paylanan arılar nəticəsində xəstəliklər xeyli çoxalıb. Bu da demək olar ki, bütün arıçılara böyük ziyan vurub. Biz bunun qarşısını almağa çalışmışıq və almışıq da”, - deyən Məmmədnəbi Qurbanov ötən payızdan başlayan xəstəliklərə qarşı ciddi mübarizə nəticəsində arı ailələrinin yaza sağlam çıxdığını bildirir.

Təcrübəli arıçı son dövrlər xaricdən gətirilən arı ailələrində xəstəlik və virusların çoxaldığını, bunun gələcəkdə böyük fəsadlar yaradacağını da diqqətə çatdırıb.

Məmmədnəbi Qurbanov təklif edir ki, respublika arıçıları tezliklə bir araya gəlib təsərrüfatlarda birgə praktiki təlimlər keçməli, arı ailələrində baş verən xəstəliklər yerində müzakirə olunmalı, eyni zamanda  bu sahəyə yeni gələn hər kəs arı ailəsinə sahib olmazdan əvvəl mütəxəssislərin nəzarəti altında təlimlərə cəlb olunmalı və müsbət rəy aldıqdan sonra arı ailəsinə sahib olmalıdır.

Çünki müşahidələr göstərir ki, arıçılığa yeni başlayanlar, layihələr çərçivəsində arı ailələrinə sahib olanların təcrübəsizliyi xəstəliklərin sürətlənməsinə rəvac verir.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məsələ ilə bağlı mütəmadi iş aparıldığını, problemin müvafiq orqan və təşkilat rəhbərləri ilə görüşlər keçirilərək aradan qaldırılması istiqamətində iş aparıldığını da bildirib.














Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
22
2
bizim.media

3Источники