Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərinin dostluq qrupları bir arada
Hazırda dünyada mürəkkəb qlobal proseslərin davam etməsi türk dünyasının birliyinin daha da güclənməsini zəruri edir. Əsrlər boyu dünya tarixində bəşəri dəyərləri ilə özünəməxsus yer tutmuş türk xalqları məhz bu gün mürəkkəb beynəlxalq münasibətlər və qloballaşma şəraitində öz mövcudluğunu qoruyub saxlamaqda, həmçinin bəşəriyyətin inkişafına, inteqrasiya və əməkdaşlığa xüsusi töhfələr verməkdədirlər. Tarixin bütün dövrlərində ən müxtəlif proseslər və hadisələrin əsas məkanı qismində çıxış edən Avrasiyada türk xalqları müsbət regional və beynəlxalq dəyişikliklərə səbəb olan proseslərin baş verməsində özünəməxsus rol oynayıblar.
TDT cəmiyyətlərin inteqrasiyasında vacib rol oynayır
Dünyanın mövcud geosiyasi şərtləri fonunda türk dövlətləri arasında əməkdaşlıq münasibətləri bu gün daha vacib xarakter daşıyır. Xüsusilə, Avrasiyada mühüm geostrateji proseslərin baş verdiyi zamanda türk dövlətləri arasında çoxşaxəli, səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir. XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı (TDT) da öz gücünü artırmaqdadır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Türk dünyası ortaq tarix, dil və mədəniyyətə malik 7 müstəqil dövlət, bir neçə muxtar ərazidən ibarət böyük coğrafi məkandır. 2009-cu ildə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu əməkdaşlığın daha da inkişaf etməsi və birliyin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır. 2021-ci ildə təşkilatın statusu və nüfuzu daha da yüksəldilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı və bu addım türk dünyasının beynəlxalq arenada söz sahibi kimi çıxış etməsinə imkan yaradır.
Azərbaycan TDT-nin təsisçi üzvlərindən biri olaraq bu təşkilatın fəaliyyətində mühüm rol oynayır. Ölkəmiz təşkilat yaranan gündən ona xüsusi önəm verib və bu istiqaməti xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan TDT-ni üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün vacib platforma hesab edir. Azərbaycan dövləti TDT çərçivəsində qurumun nüfuzunu artırmaq və funksionallığını gücləndirmək üçün mütəmadi olaraq yeni təşəbbüslərlə çıxış edir. Bu baxımdan, türk dövlətlərinin müxtəlif strukturlarının təşkilatlanmış formatı əhəmiyyət kəsb edir. Eləcə də, türk dövlətlərinin müxtəlif platformalar çərçivəsində görüşləri ənənə halını alıb. Bu tipli platformalardan biri də üçtərəfli görüşlərdir.
Ölkəmiz Türkiyə və ŞKTC ilə əməkdaşlığı gücləndirir
Üçtərəfli görüşlər parlament müstəvisində də reallaşdırılır. Aprelin 9-da Bakıda Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin 3-cü iclasının keçirilməsi də bunun göstəricisidir. Qeyd edək ki, Azərbaycanla Türkiyənin münasibətləri “Bir millət-iki dövlət” prinsipinə əsaslanır. Bakı ilə Ankaranın təşəbbüsləri bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır. Müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqələrimiz ən yüksək zirvəyə qalxıb. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir.
Azərbaycanla Şimali Kipr (ŞKTC) arasında da müxtəlif sahələr üzrə əlaqələr mövcuddur. İqtisadi-ticarət, xüsusilə humanitar-mədəni əlaqələr inkişaf etməkdədir. 2022-ci ilin noyabrında TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyəti təşkilata müşahidəçi statusunda üzv qəbul edilib. Bununla da, türk dövlətləri eyni zamanda öz iradələrini bütün dünyaya nümayiş etdirdilər.
Üçtərəfli görüşlər parlament müstəvisində...
Qeyd edək ki, üç ölkənin parlamentləri arasında da əlaqələr inkişaf edir. 3-cü iclasda Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov bildirib ki, ölkələrimiz arasında əlaqələr günbəgün genişlənir, inkişaf edir. O, bu əlaqələrin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu vurğulayıb. Əhliman Əmiraslanov Şimali Kiprlə də əlaqələrimizin genişləndiyini bildirərək, Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını diqqətə çatdırıb.
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər isə ŞKTC-nin Türk Dövlətləri Təşkilatında, habelə TÜRKPA-da təmsil olunmasının qurum ölkələri ilə daha səmərəli əlaqələrin qurulmasına imkan verəcəyini deyib. O, Şimali Kiprin Türkiyə və Azərbaycan parlamentləri ilə mövcud olan uğurlu əməkdaşlığının bütün türk dövlətləri parlamentləri ilə də inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Üçtərəfli iclasda çıxış edən Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev qrupun 2024-cü ildə yaradıldığını, ötən dövr ərzində parlamentlərimiz arasında sıx əlaqələrin olduğunu, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin baş tutduğunu bildirib.
Daha sonra tədbirdə TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan və Türkiyə parlamentləri arasında səmərəli əməkdaşlığın həm regional, həm də Türk dünyasında strateji əhəmiyyət daşıdığını qeyd edib. O, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur” fikrinin önəmini vurğulayaraq, türk dünyası ölkələri arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərin vacibliyindən danışıb.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova iclas iştirakçıları ilə görüşüb. Görüşdə Sahibə Qafarova Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq deyib ki, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin daha da gücləndirilməsinə yönələn addımlar da dövlətimizin başçısının bu fikrini əks etdirir. Söhbət zamanı vurğulanıb ki, bu münasibətlər xalqlarımızın təmsilçiləri olaraq, parlamentlər səviyyəsində də uğurla davam etdirilir və qanunvericilik orqanlarımız həm ikitərəfli əsasda, həm də üçtərəfli formatda əməkdaşlıq edir. Bu mənada Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının üçtərəfli formatının əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatı çərçivəsində keçirilən mütəmadi görüşlərin parlamentlərarası əməkdaşlığın inkişafına, ortaq maraqların müdafiəsinə və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Nardar BAYRAMLI