RU

O, “Qarabağ”la oyunda keçmiş prezidentinə gözdağı verə biləcək?

Lider “Sabah”ı qarabaqara izləyən “Qarabağ” növbəti sınaqdan üzüağ çıxmalıdır.

26-cı turda autsayder “Karvan-Yevlax”ın qapısını delik-delik edən ağdamlılar (7:0) bu dəfə Şamaxıda meydana çıxacaq.

Komandaların adını, nüfuzunu, imkanlarını göz önünə gətirəndə, təbii ki, arada yerlə göy qədər fərq var.

Buna baxmayaraq, “Qarabağ”ın öz meydanında yox, Şamaxıda və kifayət qədər intizamlı müdafiə xətti ilə seçilən rəqibə qarşı mübarizə aparacağını unutmamalıyıq.

Cari Premyer Liqa mövsümündə bu komandalar iki dəfə üz-üzə gəlib. Bakıda hesab açılmayıbsa, bölgədəki dueldə “Qarabağ” əsas vaxta əlavə olunmuş dəqiqədə qələbə topunu vurub – 1:0.

Azərbaycan kubokunun 1/4 final mərhələsində də qarşılaşan komandaların oyunları kifayət qədər gərgin alınıb. Şamaxıda yerli komanda 2:1 hesablı qalibiyyətə sevinib, Bakıdakı cavab matçında isə “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. Halbuki Karim Rossi son dəqiqələrdə penaltini qola çevirə bilsəydi, əlavə 30 dəqiqə oynanılacaq, yarımfinalçının adı sual altına düşəcəkdi.

Finişə 7 tur qalmış şamaxılılar elitada qalmaq tapşırığının öhdəsindən 99 faiz gəlib. Hazırda 31 xalla 7-ci pillədə yer alan “şirlər”in avrokuboklara vəsiqə qazanmaq şansı yox dərəcəsində azdır.

Bundan sonra əsas məsələ nüfuz mübarizəsi aparmaq və turnir cədvəlində ”Sumqayıt”ıgeridə qoymaqdır.

Niyə məhz “Sumqayıt”ı?

Diqqətli oxucular və futbol azarkeşləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovla “Sumqayıt”ın prezidenti Riad Rəfiyev arasındakı “soyuq müharibədən” xəbərdardır.

İllər öncə baş qaldıran prinipiallıq bu gün də özünü necə lazımdır qoruyub saxlamaqdadır. “Şamaxı”nın “Qarabağ” üzərində mümkün qələbəsi və “Sumqayıt”ın “Turan Tovuz”la matçda xal itirməsi Abbasovun komandasını 6-cı pilləni ələ keçirməsinə səbəb olacaq.

Mümkün qələbə Azərbaycan millisinə də rəhbərlik edən təcrübəli çalışdırıcı üçün imic yüksəlişi anlamına gələcək. Ötən həftə səfərdə “Zirə”ni büdrət, ardınca son çempionu ud – bu, bilirsiz nə deməkdir?

“Şamaxı”nın meydana itkilərlə çıxacağını da unutmayaq. Hücumun əsas adamı Karim Rossi ilə yarımmüdafiənin cinahında yorulmaq bilməyən Dioqo Balaunun cəza səbəbindən meydandan kənarda qalması şamaxılılar üçün ciddi itkidir. Lakin “dərmi müdafiə” yerindədir, nə cəzalı var, nə zədəli.

Çempionlar Liqasında mübarizəni dayandırandan sonra özünə gəlməyə çalışan “Qarabağ”lılar əvvəlki aylara nisbətən hazırlıqlı görünür. “Köhlən atlar” oyuna istədiyi kimi başlasa və ilk hissədə fərqlənə bilsə, növbəti darmadağınlı qələbə qaçılmaz deyil.

Aprelin 11-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 15:30-da start götürəcək.

HƏBİB

Избранный
20
sportinfo.az

1Источники