Paris, 11 aprel, AZƏRTAC
Fransa hökuməti rəqəmsal texnologiyalarda Avropa xaricindən asılılığı azaltmaq məqsədilə nazirliklərarası seminar keçirib. Seminar çərçivəsində ən diqqətçəkən addım Nazirliklərarası Rəqəmsal İdarənin (DINUM) iş stansiyalarının “Windows”dan “Linux”ə keçidinin elan edilməsi olub.
AZƏRTAC xəbər verir ki, Dövlət Fəaliyyəti və Maliyyə Nazirinin müavini David Amiel bildirib ki, Fransa artıq öz məlumatları, infrastrukturu və strateji qərarları üçün qaydalarını, tariflərini, risklərini idarə etmədiyi həllərdən asılı ola bilməz və “rəqəmsal taleyimizi yenidən nəzarətə götürməliyik” çağırışı edib.
“Linux” açıq mənbəli və pulsuz əməliyyat sistemi kimi “Windows”dan fərqlənir. Fransanın Milli Jandarmeriya qüvvələri “Linux”ə keçid edən dövlət qurumlarının nadir nümunələrindən biridir. Microsoft hələ bu xəbərə münasibət bildirməyib.
Bu təşəbbüs artan Avropa–Vaşinqton gərginliyi fonunda baş verir. Yanvar ayında Avropa Parlamenti ittifaqın xarici təchizatçılardan asılılığını azalda biləcəyi sahələri müəyyən etməsini tələb edən hesabat qəbul edib. İspaniya və Almaniya kimi digər üzv ölkələr də oxşar keçidlərə başlayıb. Lakin müşahidəçilər və ekspertlər belə miqrasiyaların mürəkkəbliyini vurğulayırlar.